Baş ağrısı, ürək döyüntüsü və nəfəs darlığı kimi şikayətlər tez-tez stress və yorğunluqla əlaqələndirilsə də mütəxəssislər bu simptomların hipertoniyanın göstəricisi ola biləcəyini bildiriblər. Səssiz irəliləyən hipertoniya ürək, damar, böyrək və beyin sağlamlığına ciddi təsir göstərir. Erkən diaqnoz qoyulmadıqda infarkt və insult riski artır.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, kardiologiya üzrə mütəxəssis prof.dr.Bünyamin Yavuz deyib ki, yaşlılıq, oturaq həyat tərzi, həddindən artıq duz istehlakı və stress hipertoniyanın inkişafında əsas rol oynayır:
“Şəhər həyatının gətirdiyi vərdişlər ürək xəstəlikləri riskini artırır. Qan təzyiqi uzun müddət yüksək qalarsa, ürək əzələsi qalınlaşır və zamanla ürəyin yığılma və rahatlama funksiyası pozulur. Bu isə ürək çatışmazlığına gətirib çıxara bilər”.
Dr. Yavuz bildirib ki, hipertoniya təkcə ürəyə deyil, bütün damar sisteminə təsir edir. “Daim yüksək təzyiqə məruz qalan damarlar sərtləşir, ateroskleroz sürətlənir, infarkt və insult riski artır. Kiçik damarlar böyrək, beyin və gözlərdəki damarlar da zədələnə bilər,” - mütəxəssis vurğulayıb.
Hipertoniyanın idarə olunmasında dərmanlarla yanaşı, həyat tərzi dəyişiklikləri də mühüm rol oynayır. Duz istehlakının azaldılması, meyvə və tərəvəzlə zəngin pəhriz, həftədə ən az 150 dəqiqə orta dərəcəli idman, artıq çəkini nəzarətdə saxlamaq, stressin idarəsi, tütün və alkoqol istifadəsinin məhdudlaşdırılması tövsiyə olunur.
Həkim əlavə edib ki, hipertoniya müalicə edilmədikdə ürək çatışmazlığı, infarkt, insult və böyrək çatışmazlığına gətirib çıxara bilər, lakin erkən mərhələdə aşkar edildikdə idarə oluna bilər. Mütəmadi monitorinq və şüurlu yanaşma vacibdir.
Mənsumə
Sfera.az