Britaniyanın məşhur “The Times” qəzetinin reytinqinə əsasən, İngiltərə futbolunun əfsanəsi, “Mançester Yunayted” və “Real Madrid”in sabiq yarımmüdafiəçisi Devid Bekhem sərvəti 1 milyard funt sterlinqi keçən ilk britaniyalı idmançı olub.
Sfera.az xəbər verir ki, nəşrin məlumatına görə, Bekhemin ümumi sərvəti hazırda 1,185 milyard funt sterlinq (1,58 milyard dollar) təşkil edir.
Onun sərvətindəki ciddi artım əsasən daşınmaz əmlak investisiyaları və Şimali Amerika Böyük Liqa Futbolunda (MLS) çıxış edən “İnter Mayami” klubundakı payı ilə əlaqələndirilir. Klubda çıxış edən səkkizqat “Qızıl top” sahibi Lionel Messi də bu artımda mühüm rol oynayıb. Bekhemin klubdakı payının təxminən 300 milyon funt sterlinq dəyərində olduğu bildirilir.
51 yaşlı Bekhem futbolçu karyerasını 2013-cü ildə başa vurub. O, 1993–2003-cü illərdə “Mançester Yunayted”in heyətində çıxış edib. İngiltərəli yarımmüdafiəçi klubun formasında 265 oyuna çıxıb və 62 qol vurub.
Bekhem “Mançester Yunayted”lə altı dəfə İngiltərə çempionu (1996, 1997, 1999, 2000, 2001, 2003), iki dəfə İngiltərə Kuboku (1996, 1999) və iki dəfə Superkubokun (1996, 1997) qalibi olub. O, həmçinin 1999-cu ildə UEFA Çempionlar Liqasını qazanıb.
Karyerası ərzində “Real Madrid”, “Paris Saint-Germain” və “LA Galaxy” klublarında da çıxış edən Bekhem İngiltərə millisinin heyətində 115 oyun keçirib və 17 qola imza atıb.
Qeyd edək ki, 2025-ci ilin iyun ayında Devid Bekhem cəngavər tituluna layiq görülüb.
Niyaz Hacıyev
Sfera.az