2026-cı il Çin-Amerika münasibətlərində doğru yolun axtarışında mühüm tarixi mərhələ olacaq. Bu fikir Çinin "Global Times" qəzetindəki baş məqalədə bildirilir. Qəzet yazır ki, iki böyük dövlət düşmənçilikdən tədricən rəqəbət aparan tərəflərə çevriləcək. 




Maraqlıdır, 2026-cı ildə Pekin və Vaşinqton arasında əsas anlaşma və qarşıdurma mövzuları nələr olacaq?




Politoloq Elman Vəliyev Sfera.az-a açıqlamasında bildirib ki, 2026-cı ildə Çin-ABŞ münasibətləri həm rəqabət, həm də məcburi əməkdaşlıq xətti üzərində inkişaf edəcək.


 


Onun sözlərinə görə, hazırda tərəflər anlayırlar ki, birbaşa qarşıdurma nə qlobal iqtisadiyyat, nə də beynəlxalq təhlükəsizlik baxımından onlara sərf edir:


 





“Buna görə də Vaşinqton və Pekin münasibətləri tam normallaşdırmağa çalışmasalar da, idarəolunan rəqabət modelini qorumağa üstünlük verəcəklər. Əsas anlaşma mövzuları sırasında ticarət və iqtisadi sabitlik, süni intellekt, yaşıl enerji, iqlim dəyişiklikləri və qlobal logistika kimi sahələr dayanacaq. Eyni zamanda Yaxın Şərqdə və əsas ticarət marşrutlarında sabitliyin qorunması hər iki ölkənin maraqlarına uyğundur”.




Politoloqun fikrincə, tərəflər arasında ciddi qarşıdurma mövzuları da qalacaq:




“Ən həssas məsələ Tayvan problemidir və Vaşinqtonun Tayvana verdiyi dəstək Pekin tərəfindən birbaşa təhdid kimi qiymətləndirilir. Bundan əlavə, yarımkeçiricilər, süni intellekt və yüksək texnologiyalar sahəsində rəqabət daha da sərtləşəcək. ABŞ Çinin texnoloji gücünü məhdudlaşdırmağa çalışdıqca, Pekin də texnoloji müstəqilliyini artırmağa çalışacaq. Ümumilikdə, 2026-cı ildə Çin-ABŞ münasibətlərində tam əməkdaşlıqdan çox, gərgin rəqabət fonunda dialoq və balans siyasəti müşahidə olunacaq”.


 


Niyaz Hacıyev 

Sfera.az