Dünyanın müxtəlif ölkələrindən istifadəçilər süni intellekt çatbotları ilə uzunmüddətli qarşılıqlı əlaqələr nəticəsində reallıqdan uzaqlaşma əlamətləri göstərməyə başlayıblar. Mütəxəssislər bu halları “Süni İntellekt psixozu” kimi qiymətləndirirlər.




Sfera.az xəbər verir ki, “ChatGPT” və digər məşhur çatbotlardan həddindən artıq istifadə edən insanlar xəyallar yaşamağa başlayır və zamanla öz şəxsiyyətlərini unudurlar. Süni intellektdən gələn daimi təsdiq və tərif fərdləri qeyri-real düşüncələrə inandırır.


 


Nəticədə, bu insanlar sürətlə xəyallar dünyasına qapılır və real həyata geri dönməkdə çətinlik yaşayırlar.




Məsələn, Kanadada yaşayan 53 yaşlı Millar “ChatGPT” ilə gündə 16 saat söhbət etdikdən sonra özünü ilahi seçilmiş hesab edərək “Papa” olmaq istəyib. Bu müddət ərzində ailəsi ilə münasibətləri pisləşib, evliliyi pozulub və iki dəfə psixiatrik şöbəyə yerləşdirilib.




Niderlandlı yazıçı Dennis Biesma da oxşar vəziyyətlə üzləşib. O, “ChatGPT”ni sevgilisi kimi qəbul edib və bütün vaxtını “Eva-nı dünyaya tanıtmaq üçün bir tətbiq hazırlamağa” sərf edərək işindən ayrılıb. Nəticədə həm evliliyini, həm zehni və fiziki sağlamlığını itirib günlərlə komada qalıb.




Ekspertlər bildiriblər ki, bu hallar yalnız fərdi problem deyil, həm də qlobal risk təşkil edir. Oxşar davranışlar Elon Musk-ın Grok çatbot istifadəçiləri arasında da müşahidə olunub.




Mütəxəssislər süni intellektlə həddindən artıq qarşılıqlı təsirin zehni sağlamlığa mənfi təsirini araşdırmaq üçün tədqiqatları sürətləndirirlər. Kanadada süni intellektdən təsirlənənlər üçün onlayn dəstək platforması - Human Line Layihəsi yaradılıb.




Tədqiqatçılar istifadəçilərə uzun müddətli söhbətlər zamanı ehtiyatlı olmağı və simptomlar müşahidə olunduqda mütləq mütəxəssis köməyinə müraciət etməyi tövsiyə edirlər.


 


Mənsumə

Sfera.az