Türkiyənin məşhur pop müğənnisi Kenan Doğulu şəxsi görüntü və səs yazıları ilə hədələndiyini bildirərək prokurorluğa müraciət edib. 


 


Sfera.az türk mediasına istinadən xəbər verir ki, iddialara görə, naməlum şəxslər sənətçidən 300 min dollar tələb edib.


 


Məlumata görə, Kenan Doğulunun telefonuna xarici nömrədən göndərilən mesajda onun oteldə çəkildiyi iddia olunan videolar və avtomobildə etdiyi danışıq qeydlərinin olduğu bildirilib. Mesajda “Top sizin meydançanızdadır” ifadəsi ilə başlayan təhdidlərdə sənətçidən göstərilən hesaba pul köçürməsi istənilib.


 


Şantaj mesajında bildirilib ki, tələb olunan məbləğ ödənilməyəcəyi təqdirdə görüntü və qeydlər yayılacaq. Bundan sonra təhlükəsizliyindən narahat olan müğənni məsələ ilə bağlı İstanbul Baş Prokurorluğuna şikayət edib.


 


Aparılan araşdırmalar zamanı mesajın göndərildiyi telefon xəttinin xaricdən idarə olunduğu müəyyənləşdirilib. Lakin istintaq çərçivəsində şübhəlilərin kimliyini müəyyən etmək mümkün olmayıb.


 


Buna görə də prokurorluq hadisənin cəhd mərhələsində qalmasını və şübhəlilərin aşkarlanmamasını əsas gətirərək cinayət təqibinin aparılmaması barədə qərar qəbul edib.


 


Fidan Hacızadə

Sfera.az