COVID-19 pandemiyasından sonra dünya ictimaiyyətində narahatlıq yaradan yeni virus xəbərləri gündəmə gəlib. Atlantik okeanında səfər edən “MV Hondius” adlı kruiz gəmisində qeydə alınan hantavirus halları beynəlxalq diqqət çəkib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) açıqlama yayaraq vəziyyətin nəzarətdə olduğunu bildirib.
Hadisə Hollandiya bayrağı altında üzən və Argentinadan Kabo-Verde adalarına doğru hərəkət edən “MV Hondius” gəmisində baş verib. Aprelin əvvəlində müxtəlif ölkələrdən olan 147 sərnişinlə yola çıxan gəmidə bir neçə nəfərdə hantavirus aşkarlanıb.
Məlumata görə, səkkiz şübhəli haldan beşi laborator şəkildə təsdiqlənib. Virus səbəbindən 69 yaşlı hollandiyalı qadın, onun həyat yoldaşı və Almaniya vətəndaşı olan daha bir şəxs həyatını itirib.
ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus məsələ ilə bağlı açıqlamasında bildirib ki, təşkilat vəziyyəti yaxından izləyir və təxminən 30 hökumətlə koordinasiyalı şəkildə çalışır. O qeyd edib ki, gəmi sərnişinlərinin Tenerifedən köçürülməsi uğurla həyata keçirilib və 120-dən çox şəxs hazırda öz ölkələrində müalicə alır və ya karantin şəraitində saxlanılır.
Qebreyesus əlavə edib ki, gəminin kapitanı Yan Dobroqovski və 26 heyət üzvü səfəri davam etdirir və “MV Hondius” gəmisinin mayın 18-də Hollandiyaya çatması gözlənilir.
ÜST rəhbəri vurğulayıb ki, hazırkı məlumatlara əsasən hantavirusun qlobal əhali üçün yaratdığı risk çox aşağı qiymətləndirilir. Təşkilat indiyədək 3 ölüm daxil olmaqla ümumilikdə 10 yoluxma halının qeydə alındığını açıqlayıb.
Fidan Hacızadə
Sfera.az