Televiziya dünyasında reytinq savaşı davam etdikcə, kanallar ard-arda seriallarla bağlı yekun qərarlar verməyə başlayıb.
Mövsümə böyük iddia və yüksək gözləntilərlə başlayan bir sıra layihələr aşağı izlənmə göstəriciləri və artan istehsal xərcləri səbəbindən ekranlarla vidalaşır.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Delikanlı”, “Kıskanmak”, “Cənnətin Çocukları” və “Kuruluş Orhan” seriallarının final tarixləri artıq dəqiqləşib.
Xüsusilə reytinq yarışında gözlənilən nəticəni əldə edə bilməyən layihələrin davam etdirilməsinin iqtisadi baxımdan sərfəli olmadığı bildirilir.
Final edəcək seriallar və tarixlər:
18 may- “Delikanlı”
19 may- “Kıskanmak”
8 iyun - “Cənnətin Çocukları”
10 iyun- “Kuruluş Orhan”
Bazar ertəsi yayımlanan “Delikanlı” serialının, güclü rəqiblərinə qarşı istənilən auditoriyanı toplaya bilmədiyi qeyd olunur. Xüsusilə “Uzaq Şehir”lə olan rəqabətdə geri qalan layihənin final qərarının məhz reytinq səbəbilə verildiyi bildirilir.
NOW kanalında yayımlanan “Kıskanmak” isə mövsümün əvvəlində ən çox diqqət çəkən layihələrdən biri hesab olunurdu. Güclü aktyor heyəti və dramatik süjet xətti ilə seçilən serialın son bölümlərdə izləyici itkisi yaşadığı iddia edilir. Məlumata görə, layihə üçün ikinci mövsüm planlaşdırılsa da, sonradan bu qərardan imtina olunub. Serialın 33-cü və sonuncu bölümü 19 may 2026-cı ildə yayımlanacaq.
Burak Serdar Şanal və Buse Meralın baş rolları paylaşdığı “Cənnətin Çocukları” serialı da gözlənilən reytinq nəticələrini əldə edə bilməyib. Layihənin aşağı izlənmə göstəriciləri səbəbilə ekran ömrünün qısaldıldığı bildirilir.
Dövr dramı kimi böyük büdcə ilə hazırlanan “Kuruluş Orhan”ın final qərarında isə yüksək istehsal xərclərinin mühüm rol oynadığı deyilir. Serialın ikirəqəmli reytinqlərə çata bilməməsi səbəbilə layihənin davam etdirilməsinin məqsədəuyğun hesab edilmədiyi vurğulanır.
Digər diqqət çəkən məqam isə “Kuruluş Osman” serialında baş rolu canlandıran Burak Özçivit layihədən ayrıldıqdan sonra hekayənin “Kuruluş Orhan” adı altında davam etdirilməsi olub. Yeni mərhələdə baş rolu Mert Yazıcıoğlu canlandırsa da, bu dəyişiklik serialın reytinqlərinə müsbət təsir göstərməyib.
Fidan Hacızadə
Sfera.az