Havanın temperaturunun yüksəlməsi ilə birlikdə qida zəhərlənməsi hallarında da artım müşahidə olunur. Sfera.az xəbər verir ki, xüsusilə yaz və yay aylarında düzgün saxlanılmayan bəzi qidalar insan sağlamlığı üçün ciddi risk yarada bilər. Qida təhlükəsizliyi qaydalarına əməl olunmaması isə zəhərlənmə riskini daha da artırır.
Sfera.az xəbər verir ki, həkimlərin sözlərinə görə, tez xarab olan süd məhsulları, mayonezli salatlar, kremlə hazırlanan şirniyyatlar və açıq şəraitdə satılan fast-food məhsulları zəhərlənməyə ən çox səbəb olan qidalar sırasındadır. Bundan əlavə, yaxşı bişirilməmiş ət və toyuq məhsulları, uzun müddət soyuducudan kənarda qalan yeməklər, eləcə də təzəliyini itirmiş balıq məhsulları da təhlükəli hesab olunur. Xüsusilə isti havada bakteriyalar sürətlə çoxaldığı üçün qidalar qısa müddətdə yararsız hala düşə bilir.
Mütəxəssislər qeyd edirlər ki, qida zəhərlənməsi zamanı ürəkbulanma, qusma, ishal, qarın ağrısı və halsızlıq kimi əlamətlər müşahidə olunur. Belə hallarda bol maye qəbul etmək və ağır simptomlar yaranarsa dərhal həkimə müraciət etmək tövsiyə edilir. Ekspertlər vətəndaşlara qidaların saxlanma şəraitinə diqqət yetirməyi, son istifadə tarixini yoxlamağı və isti havalarda açıq havada satılan məhsullardan mümkün qədər uzaq durmağı məsləhət görürlər.
Niyaz Hacıyev
Sfera.az