Ermənistan Baş naziri Nikol Paşinyan parlament seçkiləri öncəsi keçirdiyi mitinqdə əsas hədəflərinin Azərbaycanla sülhün qorunması olduğunu bildirib.
Sfera.az xəbər verir ki, o, Türkiyə və Azərbaycanla normallaşma prosesini dəstəklədiyini vurğulayıb. Paşinyanın bu mövqeyi isə erməni millətçi dairələrinin tənqidinə səbəb olub.
Baş nazir çıxışında Qarabağın Ermənistan ərazisi olmadığını açıq şəkildə ifadə etdiyini xatırladaraq, bu mövzuda radikal millətçi mövqelərə qarşı çıxdığını bildirib.
7 iyunda Ermənistanda keçiriləcək parlament seçkiləri ilə bağlı Dalarikdə mitinq keçirən Paşinyan əsas məqsədlərinin Azərbaycanla sülhü davam etdirmək olduğunu deyib:
“İki ildən çoxdur sərhəddə nə ölən, nə də yaralanan olub. Müstəqillikdən bəri sərhəddə belə bir vəziyyətin yaşanmadığı illər demək olar ki, olmayıb.”
Paşinyan həmçinin öz hakimiyyəti dövründə iqtisadi göstəricilərin yaxşılaşdığını iddia edib. Onun sözlərinə görə, 2018-ci ildən bəri pensiyalar təxminən 3 dəfə artıb.
Baş nazir dövlət büdcəsinin də 6,6 milyard dollar genişləndirildiyini bildirib və əvvəlki hakimiyyətlərin qanunsuz əldə etdiyi əmlakların satışa çıxarılaraq iqtisadiyyata qazandırıldığını qeyd edib.
Mənsumə
Sfera.az