Beynəlxalq ekspertlər Dünya Səhiyyə Təşkilatına (DST) çağırış edərək iqlim böhranının COVID-19 kimi “qlobal ictimai sağlamlıq fövqəladə vəziyyəti” elan edilməsini istəyiblər. Onların fikrincə, əks halda milyonlarla insanın qarşısı alına bilən səbəblərdən həyatını itirməsi riski var.
Sfera.az xəbər verir ki, DST yanında Pan-Avropa İqlim və Sağlamlıq Komissiyasının hesabatında iqlim dəyişikliyinin artıq təkcə ekoloji problem deyil, birbaşa insan sağlamlığını təhdid edən qlobal böhrana çevrildiyi vurğulanıb.
Sənəddə həddindən artıq istilər, hava çirkliliyi, qida təhlükəsizliyi və tropik xəstəliklərin yayılmasının ciddi risk yaratdığı bildirilib.
Ekspertlər bu vəziyyətə qarşı daha sürətli və koordinasiyalı beynəlxalq sağlamlıq tədbirlərinin görülməsinin vacibliyini qeyd edirlər.
Hesabatda həmçinin fosil yanacaq subsidiyalarının yüz minlərlə erkən ölümə səbəb ola biləcəyi iddia edilir və ölkələrdən daha yaşıl siyasətlərə keçid tələb olunur.
Mənsumə
Sfera.az