Fələstinin Yerli İdarəetmə naziri Sami Həccavi Bakıda keçirilən Dünya Şəhərsalma Forumunun (WUF13) əhəmiyyətindən danışıb.


 


Sfera.az xəbər verir ki, nazir builki forumun əvvəlkilərlə müqayisədə xüsusi önəm daşıdığını bildirib. Onun sözlərinə görə, tədbir dünyanın artan şəhərsalma, humanitar və ekoloji çağırışlarla üzləşdiyi bir dövrdə keçirilir.


 


S.Həccavi qeyd edib ki, Bakıda hökumətlər, nazirlər və beynəlxalq təşkilatlar arasında geniş beynəlxalq iştirak və mühüm dialoq platforması formalaşıb.


 


Nazir vurğulayıb ki, forumu fərqləndirən əsas məqamlardan biri Azərbaycanın və iştirakçı ölkələrin nümayiş etdirdiyi həmrəylik və əməkdaşlıq ruhudur. Onun sözlərinə görə, müzakirələr yalnız şəhərlər və mənzil məsələləri ilə məhdudlaşmır, eyni zamanda davamlılıq, ədalət, dayanıqlı inkişaf, eləcə də münaqişə və böhranlardan təsirlənmiş icmaların gələcəyini də əhatə edir.


 


Fələstinli nazir əlavə edib ki, forum beynəlxalq əməkdaşlığın gücləndirilməsi və daha inklüziv, dayanıqlı şəhərlər üçün praktiki həllərin təşviqi baxımından mühüm rol oynaya bilər.




Firuzə Əliyeva

Sfera.az