Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Dünya Şəhər Forumu 13 (World Urban Forum 13) çərçivəsində keçirilən tədbirdə çıxışı zamanı gender bərabərliyi, inklüziv şəhər inkişafı və qadınların urbanizasiya prosesində rolu ilə bağlı mühüm mesajlar verib.
Sfera.az xəbər verir ki, Bahar Muradova çıxışında gender bərabərliyi və adekvat mənzil hüququnun qlobal gündəmdə prioritet məsələ kimi müzakirə olunmasının əhəmiyyətini vurğulayıb. O bildirib ki, şəhərsalma, sosial rifah, dayanıqlı inkişaf və gender bərabərliyi bir-biri ilə sıx bağlıdır.
Komitə sədri qeyd edib ki, insanların həyat keyfiyyəti yalnız iqtisadi imkanlarla deyil, həm də təhlükəsiz, əlçatan və insan mərkəzli şəhər mühitində yaşamaq imkanları ilə müəyyən olunur. Onun sözlərinə görə, dünyanın bir çox ölkəsində qadınlar və qızlar hələ də təhlükəsiz yaşayış şəraiti və adekvat mənzilə çıxış baxımından ciddi çətinliklərlə üzləşirlər.
Bahar Muradova vurğulayıb ki, silahlı münaqişələr, humanitar böhranlar və iqlim dəyişiklikləri qadınların həssaslığını daha da artırır, əsas xidmətlərə çıxışı məhdudlaşdırır. Əmlak hüquqları, iqtisadi imkanlar və sosial müdafiə mexanizmlərinə qeyri-bərabər çıxış isə mövcud bərabərsizlikləri dərinləşdirir.
O bildirib ki, uzun illər münaqişənin nəticələrini yaşamış ölkə kimi Azərbaycan postmünaqişə dövründə insan mərkəzli və dayanıqlı yenidənqurma modelini təşviq edir. İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərində müasir şəhərsalma prinsipləri və “ağıllı şəhər” həllərinin tətbiq olunduğunu diqqətə çatdırıb.
Komitə sədri əlavə edib ki, yaşıl inkişaf, rəqəmsal innovasiya, sosial inteqrasiya və təhlükəsiz yaşayış prinsipləri qadın və qızlar üçün bərabər imkanlarla birlikdə həyata keçirilir. O, Bakının da təhlükəsizlik, əlçatanlıq və dayanıqlı həlləri təşviq edən müasir urbanizasiya modeli kimi çıxış etdiyini deyib.
Bahar Muradova vurğulayıb ki, müasir şəhər siyasətinin effektivliyi müxtəlif sektorlar arasında koordinasiyadan asılıdır. Onun sözlərinə görə, qadınların strateji planlaşdırma və qərarvermə proseslərində bərabər iştirakı şəhərləri daha təhlükəsiz, daha əlçatan və insanların ehtiyaclarına daha uyğun edir.
O həmçinin bildirib ki, Azərbaycan hökuməti dövlət qurumları, özəl sektor və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın gücləndirilməsinə xüsusi önəm verir. Bu çərçivədə “Qadınların iqtisadi sektorda və şəhərsalma proseslərində iştirakının təşviqi” mövzusunda tədbirlərin təşkil olunduğunu xatırladıb.
Çıxışının sonunda Bahar Muradova qeyd edib ki, qadın və qızların ehtiyaclarına cavab verən şəhərlərin qurulması daha təhlükəsiz, dayanıqlı və humanist gələcəyin formalaşdırılması deməkdir. O əlavə edib ki, Azərbaycan bu istiqamətdə beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsini davam etdirməyə hazırdır.
Firuzə Əliyeva
Sfera.az