Bəhreynin Mənzil və Şəhərsalma naziri Amna Bint Ahmed Al Rumaihi Dünya Şəhər Forumunun (WUF13) “Qadınlar Assambleyası” sessiyasında çıxışı zamanı qadınların şəhərsalma və mənzil siyasətində rolunun gücləndirilməsinin vacibliyini vurğulayıb.
Sfera.az xəbər verir ki, nazir bildirib ki, bu gün mənzil məsələsi artıq yalnız yaşayış sahələrinin təmin olunması ilə məhdudlaşmır:
“Artıq mənzil siyasəti insan ləyaqəti, ailə sabitliyi, sosial ədalət və həyat keyfiyyəti ilə birbaşa bağlıdır. Ədalətli və inklüziv mənzil siyasətinin qurulması üçün qadın və qızların ehtiyacları şəhər planlamasının və qərarvermənin mərkəzində dayanmalıdır”.
O qeyd edib ki, Bəhreyndə qadınların gücləndirilməsi davamlı inkişaf strategiyasının əsas istiqamətlərindən biridir. Nazir vurğulayıb ki, ölkədə qadınlar artıq yalnız dəstəklənən tərəf deyil, milli inkişaf prosesinin tamhüquqlu iştirakçılarıdır.
Amna Al Rumaihi çıxışında hazırda Bəhreyn hökumətində beş qadın nazirin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, qadınlar səhiyyə, turizm, davamlı inkişaf, mənzil və şəhərsalma kimi strateji sahələrə rəhbərlik edirlər.
Nazir deyib ki, Mənzil və Şəhərsalma Nazirliyi tərəfindən qadınların mənzil xidmətlərinə çıxışını artırmaq üçün xüsusi proqramlar həyata keçirilir:
“2025-ci ilə qədər 6555-dən çox qadın mənzil xidmətlərindən faydalanıb. Bu proqramlar dul qadınları, boşanmış qadınları və ailə başçısı olan qadınları əhatə edir. Sosial vəziyyətlər nəzərə alınaraq onlara maliyyə və uyğun yaşayış imkanları yaradılır”.
O əlavə edib ki, ehtiyacı daha çox olan qadınlar – yetimlər, boşanmışlar, dul qadınlar və uşaqların himayədarı olan qadınlar üçün ayrıca mənzil kateqoriyaları yaradılıb, gəlir və yaş meyarları genişləndirilib.
Nazir şəhərsalma sahəsində qadınların roluna da xüsusi diqqət çəkib. Bildirib ki, Bəhreyndə 74 qadın mühəndis və şəhərsalma mütəxəssisi mənzil və inkişaf layihələrinin icrasında iştirak edir.
“Planlaşdırılmamış 96 yaşayış zonasının yenidən planlaşdırılması layihəsində çalışan komandanın 90 faizini qadınlar təşkil edib. Bu layihələr 84 milyon kvadratmetrdən çox ərazini əhatə edib və şəhər davamlılığının güclənməsinə, həyat keyfiyyətinin yüksəlməsinə töhfə verib”, – deyə o qeyd edib.
Çıxışının sonunda nazir qadınların təhlükəsiz və münasib mənzilə çıxışını təmin edən siyasətlərin gücləndirilməsinin, qadınların qərarvermədə iştirakının artırılmasının və daha ədalətli şəhərlərin qurulması üçün beynəlxalq əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Firuzə Əliyeva
Sfera.az