BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) Kaori Ishikawa Gürcüstan üzrə ölkə nümayəndəsi gələcəyin şəhərlərində qadınların inklüzivliyi ilə bağlı mövcud problemlərdən danışıb.



 


Sfera.az-a xüsusi müsahibə verən Kaori İshikawa ən böyük boşluqlardan birinin təkbaşına yaşayan qadınlar üçün əlçatan mənzil məsələsi olduğunu bildirib.


 


“Bir çox ölkələrdə həssas əhali şəhərlərin kənar hissələrində yaşayır. Bu isə onların həm əlçatan mənzil tapmasını, həm də məşğulluq və iqtisadi fəaliyyət imkanlarını çətinləşdirir. Bütün bunlar bir-biri ilə bağlıdır”, - Kaori Ishikawa qeyd edib.


 


O bildirib ki, xüsusilə münaqişədən zərər çəkmiş qadınların iqtisadi fəaliyyət imkanlarından uzaq ərazilərdə yaşaması vəziyyəti daha da ağırlaşdırır:


 


“Bu, sanki qapalı bir dövrədir. Hökumətlər və bələdiyyələr əlçatan mənzillərin insanların iqtisadi fəaliyyət göstərə biləcəyi ərazilərə yaxın yerləşməsini nəzərə almalıdır”.


 


UN Women rəsmisi əlavə edib ki, müasir şəhərlərin daha əlillik inklüziv olması istiqamətində addımlar atılsa da, problemlər qalmaqdadır. O, Bakının bu sahədə müəyyən müsbət nümunələrdən biri olduğunu vurğulayıb:


 


“Bakıda yollar və bəzi imkanlar əlillər üçün kifayət qədər yaxşıdır. Amma hələ də pilləkənlər və digər maneələr səbəbindən girişin çətin olduğu yerlər var. Bu, hamilə qadınlar və yaşlı insanlar üçün də mühüm məsələdir”.


 


Kaori Ishikawa qeyd edib ki, şəhərlərin daha inklüziv olması üçün yalnız hökumətlərin deyil, bələdiyyələrin, özəl sektorun və cəmiyyətin birgə fəaliyyəti vacibdir.


 


O, qadın dostu şəhər modeli üzrə uğurlu nümunələrə də toxunaraq Morokkoda həyata keçirilən layihələri və Addis Ababa şəhərini misal göstərib.


 


Firuzə Əliyeva

Sfera.az