Bakıda keçirilən Dünya Şəhərsalma Forumu çərçivəsində çıxış edən Memar / Şəhərsalma üzrə mütəxəssis, vizual kommunikasiya eksperti, WearCities şirkətinin təsisçisi və rəhbəri Ghada Abdellatif bildirib ki, son 20 ildə şəhərsalma sahəsində əsas diqqət dialoq və kommunikasiya üzərində qurulsa da, real icra prosesi zəif qalıb.
Sfera.az xəbər verir ki, o, bunun səbəbləri kimi maliyyə çatışmazlığı, zəif kommunikasiya, idarəetmə problemləri və müxtəlif ölkələrdə parçalanmış siyasətləri göstərib.
Onun sözlərinə görə, mənzil və şəhərsalma məsələləri müharibələr, təbii fəlakətlər və digər qlobal böhranların təsiri altında daha da mürəkkəbləşir.
“Bu gün prioritet artıq layihələr yaratmaq deyil. Bir çox ölkə layihələrin necə hazırlanacağını və planlaşdırılacağını yaxşı bilir. Əsas məsələ onların necə effektiv şəkildə həyata keçirilməsi və tamamlanmasıdır”, - o vurğulayıb.
Ghada Abdellatif qeyd edib ki, maliyyələşmə layihələrin icrası qarşısında ən böyük maneələrdən biri olaraq qalır:
“Bir çox hallarda layihələr məhdud maliyyə resursları ilə başlayır, lakin tam şəkildə başa çatdırıla bilmir”.
Ekspert hesab edir ki, artıq əsas diqqət icra prosesinin sürətləndirilməsinə yönəlməlidir. O bildirib ki, müasir texnologiyalar və innovativ həllər ənənəvi üsullarla illərlə davam edən layihələrin daha qısa müddətdə reallaşdırılmasına imkan yarada bilər.
Firuzə Əliyeva
Sfera.az