İsveçrədə hazırlanmış yeni gel halında olan inyeksiya gələcəkdə bel ağrıları və onurğa diski zədələrinin əməliyyatsız müalicəsində inqilabi addım hesab oluna bilər.
Sfera.az bildirir ki, İsveçrəli alimlər müasir tibbdə inqilabi yeniliyə imza atıblar. Belə ki, araşdırmaçılar zədələnmiş nahiyəyə xüsusi bio-gel ineksiya edərək toxumaların bərpasını və yenilənməsini stimullaşdırmağa çalışırlar.
Əgər bu texnologiya geniş miqyaslı sınaqlarda da uğurlu nəticə göstərərsə, milyonlarla insan üçün ağır əməliyyatlara alternativ yarana bilər.
Bildiyimiz kimi, bel ağrıları və ümumilikdə onurğa problemləri son dövrdə geniş yayılıb?
Müasir həyat tərzi — uzun müddət oturaq işləmək, telefon və kompüter qarşısında saatlarla qalmaq, yanlış duruş pozuntuları və ağır fiziki yüklənmə onurğa problemlərinin artmasına səbəb olur. Xüsusilə bel diski yırtığı və xroniki bel ağrıları həm gənclərdə, həm də yaşlılarda geniş yayılıb.
Hazırda ciddi hallarda əsas çıxış yolu fizioterapiya, dərman müalicəsi və ya cərrahi əməliyyat sayılır. Lakin əməliyyat həm riskli, həm də uzun bərpa prosesi tələb edən bir seçimdir.
Hazırlanan xüsusi bio-gel zədələnmiş disk və toxumaların olduğu bölgəyə inyeksiya edilir. Alimlərin fikrincə, bu maddə:
Toxumaların yeniləmə prosesini dəstəkləyə;
İltihabı azaltmağa kömək edə;
Diskin elastikliyini qorumağa yardımçı ola, eyni zamada ağrıları azaltmağa təsir göstərə bilər.
Ən maraqlı tərəfi isə odur ki, bu üsul açıq əməliyyata ehtiyacı azalda bilər.
Əgər klinik sınaqlar uğurla davam edərsə, gələcəkdə insanlar uzun əməliyyat növbələrindən,ağır reabilitasiya dövründən,yüksək riskli onurğa əməliyyatlarından qismən də olsa xilas ola bilərlər.
Mütəxəssislər bu texnologiyanın xüsusilə erkən mərhələdə olan disk problemlərində daha effektiv ola biləcəyini qeyd etsələr də, bunun hələ tam hazır müalicə forması olmadığını da vurğulayırlar.
Alimlər onu da qeyd edirlər ki, texnologiya hələ araşdırma mərhələsindədir və onun tam təhlükəsizliyi ilə uzunmüddətli nəticələri üçün əlavə klinik testlər lazımdır. Buna baxmayaraq, tibbdə regenerativ müalicə üsullarının sürətlə inkişaf etməsi gələcək üçün böyük ümid yaradır.
Aynil
Sfera.az