ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İrana qarşı mümkün yeni hərbi əməliyyatların başladılması ehtimalına qarşı hədəf siyahısı hazırlayıb.




Sfera.az ABŞ mediasına istinadən xəbər verir ki, Pentaqon bu addımı ABŞ Prezidenti Donald Trampın İrana qarşı hücumların yenidən başladılması barədə verə biləcəyi qəfil tapşırığa hazırlıq məqsədilə atıb.


 


Siyahıda xüsusilə İranın enerji obyektləri və strateji infrastruktur elementləri potensial hədəflər statusunda yer alıb.




Məlumata görə, Donald Tramp Çin səfərindən qayıdan kimi, bazar günü administrasiyasının yüksək rütbəli rəsmiləri ilə Tehrana qarşı atılacaq növbəti addımları müzakirə edib. Trampın Virciniya ştatındakı qolf klubunda baş tutan gizli toplantıda olduqca mühüm fiqurlar iştirak edib:




Ceyms Devid Vens (J.D. Vance) - ABŞ vitse-prezidenti

Con Retkliff (John Ratcliffe) - Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru

Stiv Vitkoff (Steve Witkoff) - Xüsusi nümayəndə




Müzakirələrin təfərrüatları tam açıqlanmasa da, Trampın xüsusilə Hürmüz boğazında davam edən blokada və bunun qlobal neft qiymətlərinə vurduğu zərbədən ciddi narahatlıq keçirdiyi vurğulanıb.




ABŞ liderinin bu həftənin əvvəlində milli təhlükəsizlik komandası ilə yenidən bir araya gələcəyi gözlənilir.




Qeyd edək ki, Donald Tramp ötən gün verdiyi bəyanatda İrana Hörmüz boğazının açılması ilə bağlı kəskin xəbərdarlıq edərək, "Tehran üçün saat işləyir, dərhal hərəkətə keçməlidirlər" ifadəsini işlədib. Ekspertlər bu bəyanatdan dərhal sonra Pentaqonun hədəf siyahısı hazırlamasının regionda gərginliyi pik həddə çatdıracağını qeyd edirlər.




Bəsti Rəfizadə

Sfera.az