ABŞ Prezidenti Donald Tramp İranla bağlı növbəti dəfə sərt və hədələyici açıqlamalar səsləndirib. O, xüsusilə Hörmüz boğazı ətrafında yaranan gərginlik fonunda Tehrana mesaj göndərərək “vaxtın sürətlə bitdiyini” deyib.




Sfera.az xəbər verir ki, Tramp sosial media hesabında paylaşdığı açıqlamada İran rəhbərliyini dərhal qərar verməyə çağırıb.




ABŞ prezidenti qeyd edib ki, Tehran vaxt itirmədən hərəkətə keçməlidir.




“İran üçün vaxt gedir. Onlar dərhal və çox tez hərəkət etməlidirlər”, – deyə Tramp paylaşımında vurğulayıb.




ABŞ lideri açıqlamasında daha sərt ifadələrdən də istifadə edib. O bildirib ki, əgər İran vaxtında addım atmasa, bunun nəticələri ağır olacaq:




“Əks halda, onların heç nəyi qalmayacaq. Zaman çox vacibdir”, – deyə Tramp əlavə edib.




Trampın açıqlaması beynəlxalq mediada geniş rezonans doğurub. Ekspertlər hesab edirlər ki, ABŞ prezidentinin bu çıxışı Vaşinqtonun İran siyasətində təzyiq xəttini davam etdirdiyini göstərir. Xüsusilə Hörmüz boğazı ilə bağlı son günlər artan narahatlıqlar fonunda bu bəyanatın təsadüfi olmadığı bildirilir.




Qeyd edək ki, Hörmüz boğazı dünya neft daşımalarının həyata keçirildiyi ən vacib strateji marşrutlardan biri hesab olunur. Bu bölgədə yaranacaq hər hansı gərginlik qlobal enerji bazarına ciddi təsir göstərə bilər.




Trampın son açıqlaması onun Çinə səfərindən sonra səsləndirməsi ilə də diqqət çəkib. Analitiklər hesab edirlər ki, Vaşinqton regionda güc balansı və enerji təhlükəsizliyi məsələlərində İrana qarşı təzyiqi artırmağa çalışır.


 


Mənsumə

Sfera.az