Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqo Demokratik Respublikası və qonşu Uqanda ərazisində yayılan Ebola epidemiyası ilə bağlı “qlobal səhiyyə fövqəladə vəziyyəti” elan edib. 


 


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Ebolanın nadir variantı hesab olunan Bundibuqyo ştammı səbəbindən bölgədə indiyədək 88 nəfər həyatını itirib, 336 şübhəli yoluxma halı qeydə alınıb.


 


ÜST bildirib ki, mövcud epidemiya COVID-19 pandemiyasına bənzəmir və bu səbəbdən beynəlxalq sərhədlərin bağlanması tövsiyə edilmir. Qurumun açıqlamasında qeyd olunub ki, fövqəladə vəziyyət elan edilməsinin əsas məqsədi ölkələri daha sürətli tədbirlər görməyə və beynəlxalq əməkdaşlığı gücləndirməyə çağırmaqdır.


 


Səlahiyyətlilər vurğulayıblar ki, cümə günü təsdiqlənən epidemiya Ebolanın nadir rast gəlinən Bundibuqyo variantı ilə əlaqəlidir. Bu ştamm üçün hazırda təsdiqlənmiş xüsusi müalicə və ya peyvənd mövcud deyil. Hazırda yalnız Ebola virusunun Zaire variantına qarşı peyvənddən istifadə olunur.


 


ÜST-ün məlumatına görə, yeni epidemiya çərçivəsində qeydə alınan halların böyük əksəriyyəti Konqo Demokratik Respublikasında aşkarlanıb, yalnız iki yoluxma halı Uqandada təsdiqlənib. Bildirilib ki, Konqo və Uqandada bu günə qədər 20-dən çox Ebola epidemiyası yaşanıb və Bundibuqyo virusunun aşkarlandığı bu hadisə üçüncü belə epidemiya hesab olunur.


 


Mütəxəssislər qeyd edirlər ki, Ebola əsasən yoluxmuş şəxslərin qanı, qusuntusu, nəcis və digər bədən mayeləri ilə təmas nəticəsində yayılır. Virus həmçinin dəfn mərasimləri zamanı yoluxmuş şəxsin bədəni ilə təmas zamanı da ötürülə bilər. Bununla belə, Ebola hava-damcı yolu ilə yayılmadığı üçün COVID-19 kimi xəstəliklərlə müqayisədə daha az yoluxucu hesab edilir.


 


Xəstəliyin inkubasiya dövrü iki gündən 21 günə qədər davam edə bilər. İlk simptomlar yüksək hərarət, halsızlıq, əzələ və baş ağrıları, boğaz ağrısı ilə başlayır. Daha sonra qusma, ishal, qarın ağrısı, daxili qanaxma, böyrək və qaraciyər funksiyalarının pozulması kimi ağırlaşmalar ortaya çıxır. Sağ qalan şəxslərdə isə artrit, görmə və eşitmə problemləri müşahidə oluna bilər.


 


Alimlərin fikrincə, virusun təbii daşıyıcıları meyvə yarasalarıdır. Bundan başqa, böyük meymunlar, antiloplar və kirpilər kimi heyvanlar da virusu insanlara ötürə bilir. ÜST isə hazırkı epidemiya ilə bağlı yoluxma sayının rəsmi rəqəmlərdən daha yüksək ola biləcəyini istisna etmir.


 


Fidan Hacızadə

Sfera.az