ABŞ İrana növbəti zərbələr endirməyə hazırlaşır. İddialara görə bu dəfə zərbələr daha ağır olacaq. Hətta Pentaqon hücumun növbəti siyahısını da hazırlayıb. Donald Tramp ötən gün verdiyi bəyanatda da İrana Hörmüz boğazının açılması ilə bağlı kəskin xəbərdarlıq edərək, "Tehran üçün saat işləyir, dərhal hərəkətə keçməlidirlər" ifadəsini işlədib. 




Bəs növbəti hərbi əməliyyatlarla rejimi dəyişmək mümkün olacaqmı?




Sfera.az-a bu haqda açıqlama verən politoloq Cavanşir Abbaslı bildirib ki, hazırkı mərhələdə İrana qarşı belə bir hücum gözlənilmir:




“Böyük ehtimalla, yaxın aylarda tərəflər arasında savaşsız bir razılaşma əldə olunacaq. Çünki artıq Amerika-İsrail cütlüyü İrana qarşı hücumlarda bu dövlətin, ən əsası isə xalqının dirənişini gördü. Etiraf edək ki, son 40 günlük savaşda hər kəs müharibə başlayan kimi xalqın İranı tərk edəcəyini, şəhərlərin boşalacağını gözləyirdi. Amma əksinə, biz şəhərlərdə ciddi bir dirəniş gördük. Ali dini lider öldürüldü, yüksək rütbəli dövlət məmurları aradan götürüldü, amma xalq yenə də yerindən tərpənmədi, əksinə müqavimət göstərdi. Demək olar ki, bir yumruq altında birləşdilər. Üstəlik, bundan bir ay əvvəl, dekabrın sonlarından etibarən İranda baş verən xalq üsyanlarının ardından edilən hücum fonunda hər kəs düşünürdü ki, belə bir vəziyyətdə üsyançılar dərhal ayağa qalxaraq İran rejimini devirəcəklər. Amma nə baş verdi? İran rejimi yerində qaldı. Yəni ali dini liderin yerini oğlu tutdu və sistem hazırda ciddi problem yaşamadan fəaliyyətini davam etdirir. Görünən odur ki, molla rejimini indiki mərhələdə devirmək o qədər də asan olmayacaq”.


 





Politoloqun sözlərinə əsasən, İran 1979-cu ildə İran İslam Respublikası qurulduqdan sonra indiyədək heç vaxt olmadığı qədər ağır zərbə alıb:




“Ali dini liderin öldürülməsi belə, İrana dəyən zərbənin miqyasını ifadə etməyə kifayət edir. Amma digər tərəf də ciddi zərbə aldı. İranın dünyadakı imici müəyyən qədər gücləndi. Çünki dünyanın əsas supergücü və ən güclü kəşfiyyat imkanlarına malik dövlətləri İrana hücum etdi, amma nəticədə İran çökmədi, əksinə ayaqda qalmağı bacardı. Mən əvvəldə də qeyd etdim ki, tərəflər arasında müəyyən razılaşmanın əldə olunacağını, atəşkəsin bir müddət daha davam edəcəyini və yeni müharibənin baş verməyəcəyini düşünürəm. Amma hərbi əməliyyatlar baş verərsə, İran rejimini dəyişmək mümkün olacaqmı? Açığı, bunu da çox real hesab etmirəm. Ən yaxşı halda belə, hərbi əməliyyatlar nəticəsində İranda müəyyən dəyişikliklər baş versə, bu sistemin tam dağılması ilə nəticələnməyəcək. Sistem yenə əvvəlki kimi qalacaq. Çünki İranın gələcəyi müəyyən mənada bu sistemdən asılıdır. İran, daha doğrusu, Pəhləvilər rejimini tarixə göndərib Respublika qurduğu gündən bu yana məhz bu sistem – molla rejimi tərəfindən idarə olunur. Bu sistemi dəyişmək isə asan deyil. Çünki xalq da artıq bu idarəetmə formasına öyrəşib. İranda dinin cəmiyyətdə çox mühüm yer tutduğunu və ali dini liderin ölkənin əsas idarəedicisi olduğunu nəzərə alsaq, sistemi dəyişmək həqiqətən də çətin görünür. Sistemin dəyişməsi o anlama gələrdi ki, İranda əsas söz sahibi prezident olsun. Amma bunu İran xalqına qəbul etdirmək də asan deyil. Çünki İran xalqı molla rejiminin idarəçiliyinə, ali dini liderin əsas söz sahibi olduğu sistemdə yaşamağa öyrəşib. Buna görə hesab edirəm ki, İranda hərbi əməliyyatlar nəticəsində dəyişiklik imkanı yaransa belə, bunu nə Amerika, nə də onun əsas müttəfiqi İsrail tam şəkildə istəyəcək”.




Bəsti Rəfizadə

Sfera.az