İtaliyanın keçmiş nazir müavini Mişel Geraçi bildirir ki, ABŞ və Çin arasında danışıqlar gücləndikcə, Avropa vacib dünya məsələlərindən və qərar qəbulu proseslərindən kənarda qalır və uduzur. O qeyd edib ki, Avropanın aktiv rol ala bilməməsi onun qlobal mövqeyini zəiflədir.
Bəs ABŞ ilə Çin arasındakı bu yaxınlaşma Avropanın dünya siyasətindəki roluna necə təsir edəcək?
Politoloq Tural İrfan bu barədə Sfera.az-a açıqlamasında qeyd edib ki, ABŞ və Çin münasibətlərinin düzəlməsi Rusiya və İranı narahat etsə də, əsas zərbəni Avropanın qlobal siyasəti alacaq.
Onun sözlərinə görə, ABŞ böyük bir güc kimi özünü təsdiqləmək istəyir və NATO ilə Avropa İttifaqına rəqib olaraq güclənir:
"ABŞ əvvəlcə Avropaya bəzi təkliflər və iradlar bildirsə də, tərəflər arasında ortaq bir razılıq tapılmadı".
Politoloq vurğulayıb ki, Çin və ABŞ arasındakı bu siyasi yumşalma gələcəkdə iqtisadi əməkdaşlığa çevrilə bilər:
"Bu isə Avropanı arxa plana keçirəcək. Xüsusilə Ukraynadakı müharibənin dayandırılması və İrana qarşı təzyiqlərin artırılması mövzusunda ABŞ və Çin rəhbərliyinin razılığa gəlməsi gözlənilir. Avropa bir çox vacib məsələdə aktiv rol oynamır, buna görə də dünya təhlükəsizliyi və iqtisadiyyatındakı liderlik ABŞ-yə keçir. ABŞ-nin geniş və çoxşaxəli siyasəti artıq Avropanın məhdud siyasəti ilə üst-üstə düşmür. Nəticədə, Avropa böyük coğrafi-siyasi məsələlərdə getdikcə ABŞ-yə uduzur".
Niyaz Hacıyev
Sfera.az