Dünən Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (2-ci cəhd) keçirib. İmtahan Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Abşeron, Mingəçevir və Lənkəranda təşkil olunub. Lakin ölkə ərazisində müşahidə olunan güclü yağış bir sıra ciddi problemlərə səbəb olub. Yağışın yaratdığı fəsadlar təkcə nəqliyyatın hərəkətinə və gündəlik həyata deyil, eyni zamanda keçirilən DİM imtahanlarına da təsir göstərib.
Belə ki, bəzi abituriyentlər və imtahan iştirakçıları yollarda yaranan çətinliklər, tıxaclar və hava şəraiti səbəbindən imtahan keçirilən yerlərə vaxtında çata bilməyiblər. Gecikən şəxslərin bir qisminin imtahana buraxılmaması isə cəmiyyətdə narazılıq və müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı sosial şəbəkələrdə müxtəlif fikirlər səsləndirilib. Bəzi şəxslər hesab edir ki, fövqəladə hava şəraiti nəzərə alınmalı və gecikən iştirakçılar üçün istisna tətbiq edilməli idi. Digər tərəfdən isə imtahan qaydalarının hər kəs üçün eyni olduğunu və prosedurların dəyişdirilməsinin mümkün olmadığını müdafiə edənlər də var.
Müzakirələr davam etdiyi bir vaxtda, ictimaiyyət arasında əsas suallardan biri belə hallarda alternativ yanaşmaların tətbiq olunub-olunmaması ilə bağlıdır.
Bəs obyektiv vəziyyət nəzərə alınaraq DİM tərəfindən hansı addımlar atılmalıdır?
Sfera.az-a bu barədə açıqlama verən Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənlinin sözlərinə görə, DİM-in magistratura imtahanlarının ikinci cəhdində yaşanan mənzərə təəssüf ki, təhsilimizin idarəetmə mexanizmindəki növbəti koordinasiyasızlığı ortaya qoydu:
“Ölkədə eyni vaxtda həm qeyri-sabit hava şəraitinin hökm sürəcəyi, həm də beynəlxalq şəhərsalma forumunun (WUF13) start götürəcəyi günlər öncədən bəlli idi. Paytaxt nəqliyyatının bu cür irimiqyaslı tədbirlərdə hansı yüklənmə ilə qarşılaşacağını təxmin etmək üçün dərin elmi təhlillərə ehtiyac yoxdur; sadə bir fors-major risk analizi kifayət edirdi ki, imtahanın vaxtı daha münasib bir tarixə dəyişdirilsin.
Təbii ki, baş verənlərdən sonra imtahanın nəticələrinin ləğv olunması real görünmür. Çünki mövcud normativlərə görə proses artıq baş tutub və qaydaların vahidliyi prinsipi əsas gətirilir. Qayda hər kəs üçün eyni ola bilər, amma insanların imtahan mərkəzinə çatması üçün mövcud olan fiziki şərait bərabər deyildi”.
Ekspert mövcud vəziyyətdə DİM tərəfindən atıla biləcək ən rasional və humanist addımın, yaranmış bu müstəsna vəziyyəti fors-major hal kimi dəyərləndirmək olduğunu qeyd edib:
“Yollardakı məhdudiyyətlər və hava şəraiti səbəbindən obyektiv olaraq gecikən, imtahan binasına buraxılmayan gənclər üçün xüsusi bir güzəştli sessiyanın və ya alternativ bir imtahan şansının yaradılması həm onların aylarla çəkdiyi əziyyətin batmasının qarşısını alar, həm də dövlət-vətəndaş münasibətlərindəki etimadı qoruyar. İdarəetmə təkcə qaydaları kor-koranə tətbiq etmək deyil, həm də gözlənilməz kütləvi problemlərdə çevik və insan mərkəzli həllər istehsal edə bilmək bacarığıdır. Camaatın gələcəyi və potensialı plansızlığın qurbanı olmamalıdır”.
Fidan Hacızadə
Sfera.az