World Urban Forum 13-ün açılış mərasimində çıxış edən İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərindən danışıb.
Sfera.az xəbər verir ki, dövlət başçısı bildirib ki, hazırda Azərbaycan hökumətinin əsas prioritetlərindən biri Şərqi Zəngəzur və Qarabağ bölgələrinin yenidən qurulmasıdır.
Prezident qeyd edib ki, 30 ildən artıq işğal altında qalan ərazilər tamamilə dağıdılıb:
“Beynəlxalq müşahidəçilər və ziyarətçilər Ağdamı Qafqazın Xirosiması ilə müqayisə edirlər. Çünki bu şəhər sadəcə olaraq məhv olmuşdu”.
İlham Əliyev vurğulayıb ki, Ağdamın dağıdılması bir gün ərzində deyil, 30 illik işğal dövründə şəhərin sistemli şəkildə məhv edilməsi nəticəsində baş verib.
Dövlət başçısı bildirib ki, hazırda “Böyük Qayıdış” proqramı çərçivəsində şəhər və kəndlərin baş planları hazırlanır, genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir.
Prezidentin sözlərinə görə, son 5 ildə azad edilmiş ərazilərdə 70 kilometr uzunluğunda tunel tikilib, əlavə 5 kilometr tunelin inşası davam edir. O həmçinin bildirib ki, 500 körpüdən 435-i artıq istifadəyə verilib.
İlham Əliyev əlavə edib ki, paralel şəkildə elektrik stansiyaları, su anbarları, məktəblər, xəstəxanalar, dəmir yolları və üç beynəlxalq hava limanı inşa olunub.
Prezident vurğulayıb ki, bütün bu layihələrin cəmi beş il ərzində həyata keçirilməsi Azərbaycanın böyük iradə və imkanlara malik olduğunu göstərir.
Firuzə Əliyeva
Sfera.az