World Urban Forum 13-ün açılış mərasimində çıxış edən İlham Əliyev Azərbaycanın zəngin tarixi və memarlıq irsindən danışıb.
Sfera.az xəbər verir ki, dövlət başçısı çıxışında Azərbaycanın müxtəlif bölgələrində yerləşən qədim yaşayış məskənlərini və memarlıq nümunələrini xüsusi vurğulayıb.
Prezident Lahıc kəndini əcdadlarımızın mühəndislik və memarlıq bacarığının nümunəsi kimi təqdim edib. O bildirib ki, 15 əsr əvvəl salınmış kənddə həmin dövrdə kanalizasiya sistemi və bu günə qədər işlək vəziyyətdə qalan su kəməri mövcud olub.
Dövlət başçısı həmçinin Şuşa şəhərinin işğaldan sonra yenidən qurulduğunu qeyd edib:
“Qarabağın tacı olan Şuşa 30 ilə yaxın işğal altında qaldıqdan sonra, demək olar ki, sıfırdan yenidən qurulur və onun zədələnmiş qalaları bərpa olunub”.
Prezident vurğulayıb ki, Azərbaycanın tarixi abidələri yalnız əcdadlar tərəfindən yaradılmayıb, həm də müxtəlif nəsillər tərəfindən qorunaraq bu günə qədər saxlanılıb.
İlham Əliyev qeyd edib ki, Azərbaycan xalqı qədim tarixi ilə fəxr edir və bu irs musiqidə, poeziyada olduğu kimi, memarlıqda da öz əksini tapır.
Çıxışında şəhərsalma məsələlərinə də toxunan Prezident bildirib ki, müasir inkişafla tarixi irsin qorunması arasında balans saxlanılmalıdır. O, bunu Bakıda keçirilən Formula 1 Azerbaijan Grand Prix yarışı ilə müqayisə edib.
Prezidentin sözlərinə görə, Formula 1 pilotları qədim şəhər divarlarının yaxınlığından yüksək sürətlə keçərkən necə cəsarətli və ehtiyatlı davranırlarsa, şəhərsalma qərarları verənlər də modernləşmə ilə tarixi irsin qorunması arasında eyni həssaslığı nümayiş etdirməlidirlər
Firuzə Əliyeva
Sfera.az