Bakıda keçirilən World Urban Forum 13-ün açılış mərasimində çıxış edən İlham Əliyev forum iştirakçılarını salamlayaraq tədbirin uğurla keçəcəyinə ümid etdiyini bildirib.


 


Sfera.az xəbər verir ki, dövlət başçısı forumda rekord sayda iştirakçının qeydiyyatdan keçdiyini diqqətə çatdırıb:




“Bu səhər mənə verilən məlumata görə, 182 ölkədən 45 mindən çox iştirakçı qeydiyyatdan keçib. Bu, COP29-dan sonra Azərbaycanda keçirilən ikinci ən böyük beynəlxalq tədbirdir”.




Prezident qeyd edib ki, forum çərçivəsində Bakıya ilk dəfə gələn qonaqlar Azərbaycanın şəhərsalma sahəsində gördüyü işlərlə yaxından tanış olmaq imkanı əldə edəcəklər.




Çıxışında Bakının memarlıq xüsusiyyətlərindən danışan İlham Əliyev şəhərin qədimliklə müasirliyi bir arada yaşatdığını vurğulayıb. Onun sözlərinə görə, İçərişəhərin qədim divarlarından çıxaraq qısa məsafədə müasir Bakı Bulvarını və Avropa memarlarının layihələndirdiyi XIX əsr tikililərini görmək mümkündür.

Prezident bildirib ki, bu harmoniya Azərbaycanın tarixi və memarlıq irsinin qorunmasının göstəricisidir:




“Bakıda köhnə ilə yeninin, tarixi irsin qorunması ilə modern şəhərsalmanın vəhdəti əcdadlarımızın istedadını nümayiş etdirir”.




Dövlət başçısı əlavə edib ki, şəhərsalma Azərbaycanda gündəlik prioritet istiqamətlərdən biridir və 2026-cı ilin “Şəhərsalma ili” elan edilməsi də bunun göstəricisidir.

İlham Əliyev həmçinin UN-Habitat-a tədbirin təşkilinə verdiyi dəstəyə görə təşəkkür edib.


 


Firuzə Əliyeva

Sfera.az