Azərbaycan əsilli məşhur Rusiya repçisi David Nuriyevin mason lojasında yüksək status əldə etməsi sosial şəbəkələrdə və mediada geniş diskusiyalara səbəb olub.
Sfera.az-ın məlumatına görə, yayılan xəbərlərdə qeyd edilir ki, repçiyə Rusiyadakı mason lojasının “Möhtərəm Ustad” (“Dostojtimıy Master”) titulu verilib.
Bu status təşkilat daxilində ən yüksək rəhbər mövqelərdən biri hesab olunur.
Bəs masonluq nədir?
Masonluq və ya frimasonluq XVII-XVIII əsrlərdə Avropada formalaşmış qapalı qardaşlıq təşkilatı kimi tanınır. Mason təşkilatları “loja” adlanan birliklər şəklində fəaliyyət göstərirlər. Onların əsas prinsipləri sırasında mənəvi inkişaf, xeyriyyəçilik, maarifçilik və üzvlər arasında qarşılıqlı dəstək yer alır.
Mason təşkilatlarına üzvlük qaydaları ölkədən və lojadan asılı olaraq dəyişir. Lakin ümumi qaydalara görə, üzv olmaq istəyən şəxsin yetkin yaşda olması, müəyyən nüfuza sahib olması və ali qüvvəyə inanması tələb edilir. Bir çox lojada namizədin mövcud üzvlər tərəfindən tövsiyə olunması və xüsusi səsvermədən keçməsi də vacib şərtlərdən sayılır.
Masonluq uzun illərdir müxtəlif mübahisələr və sui-qəsd nəzəriyyələri ilə də gündəmə gəlir. Bununla belə, təşkilat nümayəndələri masonluğu daha çox şəxsi inkişaf və humanitar fəaliyyət platforması kimi təqdim edirlər.
Tarixdə mason olduğu bildirilən bir sıra məşhur şəxslərin adları da var. ABŞ-nin birinci prezidenti Corc Vaşinqton, siyasətçi Vinston Çörçil, bəstəkar Volfqanq Amadey Mozart və filosof Voltaire kimi şəxslərin mason lojasına üzv olduqları barədə məlumatlar mövcuddur. Bəzi hallarda isə bu məlumatların tam təsdiqlənmədiyi qeyd olunur.
Qeyd edək ki, David Nuriyev daha əvvəl verdiyi açıqlamalarda masonluğun onun həyatına müsbət təsir etdiyini və şəxsi inkişafına kömək etdiyini bildirib.
Niyaz Hacıyev
Sfera.az