Qurban bayramına sayılı günlər qaldıqca paytaxt və bölgələrdə heyvan bazarlarında canlanma müşahidə olunur. Sfera.az xəbər verir ki, insanlar əsasən qoyun, keçi və iri buynuzlu heyvanların qiymətləri ilə maraqlanırlar. 


 




Sfera.az Qurban bayramı öncəsi qiymət vəziyyətini araşdırıb. Araşdırma zamanı məlum olub ki, qiymətlər heyvanın çəkisi, cinsi, saxlanılma şəraiti və satış məkanına görə dəyişir.


 


Bazarlarda xüsusilə kənd təsərrüfatı rayonlarından gətirilən heyvanlara tələbat daha yüksəkdir. Satıcılar deyir ki, bayrama yaxın günlərdə qiymətlərdə əlavə artım da mümkündür. Çünki bu il həm yem xərclərinin, həm də daşınma qiymətlərinin artması bazara təsirsiz ötüşmür.




Alıcılar isə ötən illə müqayisədə qiymətlərin yüksəldiyini deyirlər.


 


Araşdırma zamanı qeydə alınan bəzi qiymətlər aşağıdakı kimidir. 


 


Qurbanlıq qoyun və quzu ətinin kilosu 20 manatdan 22 manatadək dəyişir. Satıcılar deyir ki, bayram günlərində qiymətlərin 23-25 manat aralığında olması ehtimalı da var. 


Quzunu diri almaq da olar. Bu halda 28-35 kiloluq diri quzu üçün 300-350 manat arası ödəniş lazımdır.


 


Qurbanlıq dana ətinin kilosu isə 18 manatdan 20 manatadək dəyişir. Eyni zamanda çatdırılma xidməti də təklif olunur.


 


Ekspertlər və satıcılar insanlara alış zamanı heyvanın sağlamlığına, sənədlərinə və baytarlıq nəzarətindən keçib-keçməməsinə diqqət yetirməyi tövsiyə edirlər.


 


Qeyd edək ki, Qurban bayramı yaxınlaşdıqca heyvan bazarlarında satış və alışın artacağı gözlənilir. Buna görə də bir çox insan alış-verişi son günlərə saxlamamağa çalışır.


 


Niyaz Hacıyev 

Sfera.az