ABŞ Prezidenti Donald Tramp özündən sonra ölkəyə rəhbərlik edə biləcək mümkün varisi barədə sualı cavablandırmaqdan imtina edib.
Sfera.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə "Fortune" jurnalına müsahibəsində danışıb.
Jurnalistlər Trampa 2028-ci il prezident seçkilərində qalib gələcəyi təqdirdə onun "Öncə Amerika" (America First) siyasətini davam etdirəcək mümkün varisinin kimliyi ilə bağlı sual ünvanlayıblar. Nəşr potensial namizədlər arasında hazırkı vitse-prezident Ceyms Devid Vens, dövlət katibi Marko Rubio və dövlət başçısının oğlu kiçik Donald Trampın adlarını çəkib.
Tramp isə konkret ad çəkməkdən yayınaraq, seçiləcək şəxsin üzərinə böyük məsuliyyət düşəcəyini vurğulayıb:
“Bu vəzifəyə kim gəlirsə gəlsin, o, çox vacib bir fiqur olacaq. Lakin səhv insanı seçsəniz, əsl fəlakət baş verəcək".
Prezident, həmçinin səlahiyyət müddəti başa çatdıqdan sonra "Öncə Amerika" siyasətinin tam olaraq hansı formada davam etdiriləcəyini dəqiq bilmədiyini qeyd edib. Buna baxmayaraq, Donald Tramp ABŞ-nin 2028-ci ildən sonra da öz milli maraqlarını qətiyyətlə qorumağa davam edəcəyinə əminliyini ifadə edib.
Bəsti Rəfizadə
Sfera.az