ABŞ və İran arasında atəşkəs davam edir, lakin danışıqlar dayanıb. Ehtimal olunur ki, danışıqların uğurlu getməməsi yeni müharibəyə səbəb olacaq. 

Trampın müharibə təhdidlərindən sonra İran da hazırlıq görür. Bu hazırlıqlardan biri də sadə insanlara silah təliminin verilməsidir.




Sfera.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Çinə səfəri zamanı İrana qarşı sərt bəyanatlar səsləndirib və “İranı hərbi cəhətdən məhv etməyə davam edəcəyik” deyib.


 


Trampın bu açıqlamasından sonra Tehran sakinləri arasında hərbi hazırlıq və silah bacarıqlarını artırmaq təşəbbüsləri başlayıb.




Paytaxtın Venek Meydanında hərbi geyimli üç nəfər ictimaiyyətə silah təlimi keçir. Təlim zamanı silahların necə sökülüb yığılması, nişan alma texnikası və atəş bacarıqlarının artırılması əyani şəkildə nümayiş etdirilir. Təlim yalnız nəzəri deyil, həm də praktik xarakter daşıyır və vətəndaşlara silahları praktiki olaraq söküb yığmaq imkanı verilir.




Rəsmi məlumatlara görə, bu tip təlimlərin yaxın günlərdə Tehran və ölkənin digər şəhərlərindəki meydanlarda da keçiriləcəyi gözlənilir. Eyni zamanda Dövlət Televiziyasında yayımlanan proqramlarda vətəndaşlara silahlar, onların istifadəsi və təhlükəsizliyi barədə məlumat verilir.




Müşahidələr göstərir ki, atəşkəsin mövcud olmasına baxmayaraq, iranlıların bu addımı hərbi hazırlığın gücləndirilməsi və hər hansı mümkün gərginliyə hazır olmaq məqsədini daşıyır.


 


Mənsumə

Sfera.az