COVID-19 pandemiyasından sonra dünyada yeni viruslarla bağlı yayılan hər xəbər cəmiyyətdə ciddi narahatlıq yaradır. Son günlər isə diqqət mərkəzinə hantavirus gəlib. Müxtəlif ölkələrdə qeydə alınan yoluxma halları və sosial şəbəkələrdə yayılan məlumatlar bu virusun potensial təhlükəsi ilə bağlı müzakirələri yenidən alovlandırıb. Xüsusilə “yeni pandemiya təhlükəsi” iddiaları insanlarda suallar yaradıb.


 


Hantavirus əslində yeni ortaya çıxan virus deyil. Bu infeksiya uzun illərdir elmi dairələrə məlumdur və əsasən gəmiricilər vasitəsilə yayılır. Virus insanlara daha çox siçan və siçovulların sidiyi, nəcis qalıqları və tüpürcəyi ilə təmas nəticəsində keçir. 


 


Statistik məlumatlar göstərir ki, hantavirus halları əsasən ABŞ, Çin və Latın Amerikası ölkələrində qeydə alınır. ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına görə, 1993-cü ildən indiyədək ölkədə 850-dən çox hantavirus yoluxması təsdiqlənib. Yoluxmaların müəyyən hissəsi ağır ağciyər çatışmazlığı ilə nəticələnib və bəzi hallarda ölüm faizi 35-40 faizə qədər yüksəlib.


 


Bəs görəsən, hantavirus gələcəkdə daha böyük təhlükəyə çevrilə bilərmi?  




İnfeksionist Aytən Ziyadova Sfera.az-a açıqlamasında bildirib ki, bir pandemiya üçün lazım olan əsas xüsusiyyət, asan və davamlı insan-insan keçidi hantavirusda yoxdur. Onun sözlərinə görə, hazırkı hadisədə xəstəliyin ağır simptomlar verməsi və yüksək ölüm nisbəti virusun simptomsuz geniş yayılmasını əngəlləyən amillərdən biridir:




“Epidemioloji məlumatlar onu göstərir ki, hantavirusun yalnız bir növü olan Andes virusu insan-insan keçidinə malikdir, amma bu keçid səmərəli və geniş yayılmış deyil. Bunun üçün qapalı mühitdə sıx və uzunmüddətli yaxın kontakt tələb olunur. Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri və Ümumdünya Səhiyyə Təşkilatı da bu barədə aydın şəkildə bildirirlər ki, hantavirus əksər hallarda insan-insan keçidinə malik deyil. Yalnız Andes virusu bəzi nadir şəraitlərdə belə yoluxa bilir. Hazırda hantavirusun insanlığa geniş yayılaraq COVID-19 kimi bir pandemiyaya çevrilməsi ehtimalı çox aşağıdır”.


 


İnfeksionist vurğulayıb ki, hantaviruslar əsasən rodentlərdən (siçanlar, siçovullar və s.) insana keçir, yəni burun-ağız yolu ilə deyil, rodentlərin sidiyi, nəcisi və tüklərinin aerosolizasiyası vasitəsilə yoluxur və ən çox şəhərdənkənar mühitlərdə təsadüf edilir:




“Bu, tipik pnevmonik respirator viruslardan tamamilə fərqli yoluxma mexanizmidir. Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin 2026-cı il vəziyyət xülasəsi bunu daha da təsdiqləyir. Andes virusu ilə əlaqəli mövcud hantavirus hadisəsi bir kruiz gəmisində baş verib, amma bu hadisənin nəticəsində ABŞ və ya qlobal ictimaiyyət üçün pandemiya riskinin “çox aşağı” olduğu bildirilir. Əslində, bu vəziyyətə cavab üçün aşağı səviyyəli fövqəladə vəziyyət aktivləşdirib. Lakin bu, virusun geniş yayılacağı mənasına gəlmir”.


 


Niyaz Hacıyev 

Sfera.az