Avropalı və Amerikalı siyasətçilər iddia edir ki, müharibələr Netehyahunun imicini artırır və onun iqtidarda qalmasına kömək edir. Belə bir iddialardan biri də İsraildə müxalif partiyanın lidei Liberma məxsusdur. 




Libermanın sözlərinə görə, Netanyahu Trampla gizli sövdələşmə imzalayıb. O iddia edib ki, Netanyahu həm ölkə daxilindəki məhkəmə proseslərindən, həm də beynəlxalq hüquqi təzyiqlərdən (Beynəlxalq Cinayət Məhkəməsinin mümkün həbs qərarından) yaxa qurtarmaq üçün Vaşinqondan tam asılı vəziyyətə düşüb. 




Həqiqətən, müharibələr Netenyahu iqtidarının hakimiyyətdə qalmasına kömək edirmi?




Məsələ ilə bağlı politoloq Oqtay Qasımov Sfera.az-a açıqlama verib. Ekspert illərdir ki, Netanyahunun müharibələrdən istifadə edərək öz hakimiyyətini necə qoruduğunu izah edib: 


 





“Əgər xatırlayırsınızsa, 2023-cü ilin yay aylarından 7 oktyabra qədər İsraildə geniş etiraz aksiyaları keçirilirdi. Həmin dövrdə etirazların əsas səbəbi Netanyahu hakimiyyətinin məhkəmə sistemində həyata keçirmək istədiyi islahatlar idi. Etirazçılar hesab edirdilər ki, bu dəyişikliklər İsraildə avtoritarizmin güclənməsinə səbəb olacaq və məhkəmənin müstəqilliyinə kölgə salacaq. Bundan əlavə, hələ o vaxt İsrailin hüquq-mühafizə orqanları Baş nazir Netanyahunun korrupsiya əməlləri ilə bağlı araşdırmalar aparırdı və istintaq davam edirdi. Hazırda da həmin işlər bağlanmayıb. 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu isə əslində, Netanyahunun mənafeyinə uyğun oldu. O, məhz bu hadisədən istifadə edərək artıq üçüncü ildir ki, Yaxın və Orta Şərqi müharibə meydanına çevirib. Netanyahu müharibə şəraitindən istifadə etməklə cəmiyyəti müəyyən qədər basqı altında saxlayır, təhlükəsizlik məsələlərini ön plana çıxarır və savaşı davam etdirməklə ictimai dəstəyi qorumağa çalışır”.




Politoloqun sözlərinə görə, savaşlar dayansa və bölgədə sabitlik yaransa, Netanyahunun özü ilə bağlı istintaq məsələlərinin yenidən gündəmə gəlməsi ehtimalı kifayət qədər yüksəkdir:




“Nəzərə alsaq ki, bir müddət əvvəl İsrail prezidenti də bu məsələ ilə bağlı məhkəmənin, daha doğrusu, istintaqın işinə müdaxilə etmədi və Netanyahunu müdafiə etmədi. Bu baxımdan, “müharibələr Netanyahunun hakimiyyətdə qalmaq vasitəsidir” fikri kifayət qədər doğru yanaşmadır. Bəli, Netanyahu məhz müharibələrdən bəslənərək hakimiyyətdə qalan siyasətçilərdən biridir. Trampla münasibətlərinə gəldikdə isə, onların arasında kifayət qədər ciddi əlaqələr mövcuddur. Son bir il üç ay ərzində onlar dəfələrlə görüşüblər, eyni zamanda müntəzəm telefon əlaqəsi saxlayıblar. Bu baxımdan, Donald Trampın Netanyahuya verdiyi dəstək də gizli deyil”.




Bəsti Rəfizadə

Sfera.az