Elm dünyasında Tip 1 diabetin müalicəsi ilə bağlı inqilabi hesab edilən mühüm nailiyyət əldə olunub. 


 


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, çinli alimlər ilk dəfə olaraq xəstənin öz kök hüceyrələrindən istifadə etməklə bədənin yenidən təbii şəkildə insulin istehsal etməsinə nail olublar.


 


Araşdırma çərçivəsində laboratoriya şəraitində xüsusi üsullarla yetişdirilən kök hüceyrələr diabet xəstəsinə transplantasiya edilib. Mütəxəssislərin sözlərinə görə, köçürülən hüceyrələr qısa müddətdə orqanizmə uyğunlaşaraq mədəaltı vəzin funksiyasını yerinə yetirməyə başlayıb və qanda şəkərin səviyyəsini tənzimləyib.


 


Klinik sınaqdan sonra qadın xəstənin gündəlik insulin iynələrindən asılılığının tamamilə aradan qalxdığı bildirilib. Bu nəticə Tip 1 diabetin gələcəkdə tam müalicə edilə biləcəyinə dair ən güclü elmi sübutlardan biri kimi qiymətləndirilir.


 


Qeyd edək ki, Tip 1 diabet autoimmun xəstəlikdir və bu zaman immun sistemi insulin istehsal edən hüceyrələri məhv edir. Nəticədə xəstələr ömür boyu insulin qəbul etmək məcburiyyətində qalırlar.


 


Ekspertlər hesab edir ki, xəstənin öz hüceyrələrindən istifadə olunması immunitet sisteminin transplantasiya edilən toxumanı rədd etmə riskini də minimuma endirir. Bununla yanaşı, alimlər metodun hələ erkən mərhələdə olduğunu və daha geniş klinik sınaqlara ehtiyac duyulduğunu vurğulayırlar.


 


Mütəxəssislərə görə, əgər gələcək tədqiqatlar da uğurlu nəticə versə, bu üsul milyonlarla diabet xəstəsinin həyatını dəyişdirə və tibb tarixində yeni dövrün başlanğıcı ola bilər.


 


Fidan Hacızadə

Sfera.az