Birdən çox dildə danışanlar tez-tez fərqli dillərdə səs tonlarının dəyişdiyini hiss edirlər. Məsələn, bir insan ingilis dilində danışarkən səsi daha yüksək, fransız dilində daha yumşaq, ispan dilində isə daha canlı və sürətli ola bilər.




Sfera.az xəbər verir ki, Braziliyadakı Parana Federal Texnologiya Universitetindən professor Ana Paula bu vəziyyəti bir növ “aktyorluq”la müqayisə edib:




“Danışdığımız cəmiyyətin xüsusiyyətlərini mənimsəyirik və həmin dildə özümüzün başqa bir versiyasını yaradırıq. Hələ də özümüzük, amma tam olaraq eyni insan deyilik”, – deyə o bildirib.




Səsin dəyişməsinin səbəbi yalnız qavrayış deyil, bioloji və mədəni faktorlarla bağlıdır. San Paulo Federal Universitetindən nitq terapevti Renata Azevedo deyib ki, səs tellərindən başlayaraq boğaz, dil və dodaqlarla formalaşan səs mərkəzi sinir sistemi və emosiyaların təsiri altında dəyişir. Həyəcan, narahatlıq və ya sevinc kimi emosiyalar ton və ritmi fərqli edir.




Tədqiqatlar göstərir ki, ikidilli insanlar dillər arasında incə fonetik fərqlər göstərirlər. Dominant dil isə səsin formalaşmasında əsas rol oynayır. Azevedo bildirib ki, ikinci dili öyrənməyə başladıqda səsdə fərqlər daha nəzərə çarpır, lakin səlislik və təcrübə artdıqca bu fərqlər azalır.




Professor Azevedo onu da vurğulayıb ki, dili daha təbii öyrənmək üçün qrammatika və lüğətdən kənar metodlar yəni real söhbətlər, musiqi, film və ədəbiyyat vasitəsilə mədəniyyətə qərq olmaq vacibdir.


 


“Bir mədəniyyətə nə qədər çox qərq olsaq, həmin dilin ritmini və səsini bir o qədər təbii şəkildə mənimsəyirik”, – deyə o əlavə edib.




Həmçinin Azevedo qeyd edib ki, vurğuları tamamilə dəyişdirmək mümkün deyil, lakin onları yumşaltmaq mümkündür: 




“Vurğunuz şəxsiyyətinizin bir hissəsidir, keçmişinizin və şəxsi hekayənizin əksidir”.


 


Mənsumə

Sfera.az