Azərbaycanda istehlak kreditlərinin ÜDM-yə nisbəti 7-8 % təşkil edir. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə sabitliyi departamentinin direktoru Ataxan Həsənov məlumat verib.


 


Onun sözlərinə görə, hazırda ölkədə bankların kredit portfeli 30 milyard manat, istehlak kreditləri isə 9,3 milyard manat təşkil edir:


 


"Bu rəqəmi ümumi daxili məhsula bölsək, istehlak kreditlərinin payı 7-8 %-dir. Bu göstəricini "benchmark" ölkələri ilə müqayisə etsək görərik ki, bizdə kreditləşmənin dərinliyi aşağıdır, deməli kredit portfelinin artım potensialı var, bundan çəkinmək lazım deyil".


 


Əgər Azərbaycanda istehlak kreditlərinin həcmi daha da artarsa, bu idxalın artımına səbəb ola bilərmi? İstehlak kreditlərinin artması hansı risklər yarada bilər?


 


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru, professor, iqtisadçı ekspert Rəsmiyyə Abdullayeva Sfera.az-a bildirib ki, ölkəmizdə istehlak kreditlərinin ÜDM-dəki payı 7-8% civarındadır.


 


 


 


Onun sözlərinə görə, müvafiq göstərici Avropa İttifaqı ölkələrində təqribən 10-12%, Qazaxıstanda 14%, Türkiyədə 8-9% təşkil edir:


 


“Azərbaycanda istehlak kreditlərinin ümumi kredit portfelində payı isə təqribən 30% civarındadır. Avropa ölkələrində bu göstərici 5-15% arasında dəyişir. Qonşu Türkiyədə müvafiq göstərici 12-13% təşkil edir. İstehlak kreditlərinin artımı idxalı artıra bilər, amma bu avtomatik və qaçılmaz deyil. Hər şey artımın sürətindən, strukturundan və tənzimlənməsindən asılıdır. İstehlak kreditlərinin srtukturu avtomobillər, məişət texnikası, elektronika, mebel və bəzi geyim məhsullarından ibarətdir. Bu malların böyük hissəsi idxal mənşəlidir. İnsanlar göstərişi sevdiyi üçün kreditlə də olsa, bahalı avtomobillər sürməyə, yeni nəsil telefonlar istifadə etməyə üstünlük verirlər. Kreditlə alınan hər əlavə telefon, avtomobil və ya məişət texnikası faktiki olaraq xaricə valyuta axını yaradır. Kredit genişlənməsi real gəlir artımını üstələyirsə, daxili istehlakı süni şəkildə böyüdə, cari hesab balansına təzyiq yarada bilir. İdxal məhsullarına bağlı inflyasiya yüksələ bilir. İstehlak kreditlərinin artması ev təsərrüfatlarının borclanma riskini artırır”.


 


İqtisadçı-ekspert qeyd edib ki, ölkəmizdə banklar istehlak kreditlərinin verilməsi zamanı borcun gəlirə nisbətini əsas götürürlər ki, istehlakçılar krediti qaytara bilsinlər:


 


“Əsas məsələ kreditləşmənin “nə qədər” yox, “necə” artmasıdır. Sağlam model üçün kredit artımı gəlirlərlə uyğun olmalıdır, risk əsaslı tənzimləmə güclü qalmalıdır, istehlak kreditləri paralel olaraq yerli istehsalı və xidmətləri stimullaşdırmalıdır, makroprudensial alətlər aktiv istifadə edilməlidir”.


 


Niyaz Hacıyev


Sfera.az