“İnstaqram” platformasında milyonlarla istifadəçini əhatə edən genişmiqyaslı məlumat sızması ilə bağlı iddialar yayılıb. Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən “Malwarebytes” şirkəti 17,5 milyon hesaba aid şəxsi məlumatların ələ keçirildiyini və haker forumlarında yayıldığını açıqlayıb.
Sfera.az xəbər verir ki, şirkətin yaydığı məlumata əsasən, sızdırılan məlumatlara istifadəçi adları, tam adlar, elektron poçt ünvanları, telefon nömrələri, qismən ünvanlar və digər əlaqə məlumatları daxildir. Oğurlanmış məlumatların haker forumlarında paylaşıldığı bildirilir. “İnstaqram”ın ana şirkəti olan “Meta” isə hələlik bu iddiaları rəsmi şəkildə təsdiqləməyib.
“Malwarebytes” mütəxəssisləri xəbərdarlıq edir ki, sızdırılan məlumatlar xüsusilə “İnstaqram”ın parol sıfırlama mexanizmi vasitəsilə hesablara icazəsiz giriş əldə etmək üçün sui-istifadə oluna bilər. Şirkətin ehtimalına görə, məlumat sızması 2024-cü ildə platformanın API sistemində mövcud olan təhlükəsizlik zəifliyindən qaynaqlana bilər.
Məlumata görə, təsirlənmiş bəzi istifadəçilər artıq parol sıfırlama bildirişləri alıblar. Ekspertlər qeyd edir ki, əlaqə məlumatları oğurlanmış şəxslər ilk baxışdan rəsmi görünən, lakin əslində fişinq məqsədli ola biləcək e-poçt və ya mesajlarla üzləşə bilərlər. Bu cür bildirişlərin bəziləri normal təhlükəsizlik prosedurunun bir hissəsi olsa da, digərləri zərərli istismar cəhdi ola bilər.
Qeyd edək ki, 2 milyarddan çox aktiv istifadəçisi olan “İnstaqram” dünya üzrə internet istifadəçilərinin təxminən 37 faizini əhatə edir. Bu isə sızmanın potensial təsir dairəsini daha da böyüdür.
İddialara əsasən, “Solonik” ləqəbli şəxs və ya qrup 7 yanvar 2026-cı il tarixində “BreachForums” platformasında “instagram.com”u hədəf alan və dünya miqyasında istifadəçilərə aid 17 milyondan çox qeydi pulsuz olaraq paylaşıb. Forumda yayımlanan nümunə məlumatlara istifadəçi adları, elektron poçt ünvanları, beynəlxalq telefon nömrələri və istifadəçi identifikatorları daxildir. Bildirilir ki, bu məlumatlar “Malwarebytes”in apardığı araşdırmalarla uyğunluq təşkil edir.
Hazırda “Meta” tərəfindən rəsmi təsdiq verilməsə də, mütəxəssislər istifadəçilərə hesab təhlükəsizliyini gücləndirməyi, şifrələri yeniləməyi və şübhəli mesajlara qarşı diqqətli olmağı tövsiyə edirlər.
Aynil