İllərdir sirli tarixçəsi və məşhurluğu ilə gündəmdən düşməyən Alkatraz həbsxanası bu dəfə qeyri-adi bir hadisə ilə diqqət çəkib.


 


Sfera.az xəbər verir ki, bazar günü San-Fransisko sahillərində yerləşən Alkatraz adasının yaxınlığında turistlər gözlənilməz mənzərənin şahidi olublar. Belə ki, vəhşi bir koyot dənizi üzərək adaya çatıb. Qeyri-adi anlardan biri turistlər tərəfindən videoya çəkilib.


 


Görüntülərdə koyotun “it kimi avar çəkərək” soyuq suda üzməsi, daha sonra isə adanın qayalı sahilinə çıxması əks olunub. Gözlənilməz qonaq həm turistləri, həm də məşhur attraksionun əməkdaşlarını təəccübləndirib. Heç kim keçmiş həbsxananın yaxınlığında vəhşi bir heyvan görəcəyini gözləmirdi.


 


Qızıl Qapı Milli İstirahət Sahəsinin sözçüsü Julian Espinosa bildirib ki, Alkatraz adasında koyotun görülməsi ilk dəfədir. Videoda heyvanın soyuqdan və yorğunluqdan titrədiyi, qayalar üzərində bir müddət hərəkətsiz qaldığı müşahidə olunur.


 


Görüntülər qısa zamanda tur şirkətinin əməkdaşlarına, daha sonra isə park işçilərinə ötürülüb. Lakin mütəxəssislər hadisə yerinə çatanda koyot artıq adada olmayıb. Qayıq kapitanı və park əməkdaşı Aidan Murun sözlərinə görə, heyvan ehtimal ki, ovunu təqib edərkən suya girib və cərəyanın təsiri ilə adaya tərəf sürüklənib. O qeyd edib ki, həmin gün dəniz cərəyanı güclü olmayıb.


 


 


Koyotun haradan gəldiyi isə hələ də məlum deyil. Alkatraz San-Fransiskodan təxminən 1,25 mil (təxminən 2 kilometr) məsafədə yerləşir. Mümkün ehtimallar arasında


 


Marin qraflığı və ya bir koyot ailəsinin yaşadığı Angel adası göstərilir. Adada aparılan axtarışlar nəticəsiz qalıb və park rəsmiləri heyvanın uzun müddət orada qalmadığını düşünürlər.


 


Bu arada sosial şəbəkələrdə yayılan video böyük marağa səbəb olub. Bəzi istifadəçilər Alkatrazda koyotu daha əvvəl də gördüklərini iddia edir və heyvana kömək göstəriləcəyinə ümid etdiklərini yazırlar. Digərləri isə oxşar hadisənin Angel adasında baş verdiyini bildiriblər.


 


Aynil