Hindistanda adi bir ev tikintisi gözlənilmədən arxeologiya dünyasını silkələyən hadisəyə çevrilib. Tarixi məbədləri ilə məşhur olan Lakkundi kəndində evin təməli qazılarkən torpağın altından qızılla dolu mis qab aşkarlanıb.
Sfera.az xəbər verir ki, hadisə Karnataka ştatının Gadag bölgəsində, Ritti ailəsinə məxsus torpaq sahəsində baş verib. Qazıntı zamanı işçilər təxminən 5 metr dərinlikdə torpağa basdırılmış mis qab tapıblar. Qabı ailənin gənc üzvü Prajval görüb.
Qab açıldıqda içərisindən qızıl üzüklər, bilərziklər, zəncirlər və müxtəlif zinət əşyaları çıxıb. İlkin ölçmələrə əsasən, qızıl məmulatların ümumi çəkisi 466 qram, mis qabların çəkisi isə təxminən 600 qram təşkil edir.
YÜZ İLLİK XƏZİNƏ ŞÜBHƏSİ
Mütəxəssislərin ilkin rəyinə görə, tapılan zinət əşyalarının ən azı 100 il yaşı var. Dəqiq tarix aralığını müəyyən etmək üçün ətraflı elmi araşdırmalara başlanılıb.
Arxeoloqlar bildirirlər ki, tapıntı Lakkundinin tarixi əhəmiyyətini daha da artırır. Orta əsrlərdə bölgənin ən mühüm yaşayış məntəqələrindən biri olan kəndin ərazisində mənbələrə görə 101 məbəd və 101 su quyusu mövcud olub. Bu günə qədər qorunub saxlanılan tikililər dövrün memarlıq üslubunu əks etdirən nadir nümunələr hesab olunur.
ƏRAZİ BAĞLANDI, DÖVLƏT İŞƏ QARIŞDI
Kəşfdən dərhal sonra Prajval vəziyyəti yerli hakimiyyət orqanlarına məlumat verib. Ərazi təhlükəsizlik kordonu ilə bağlanıb, qazıntı işləri dayandırılıb. Hadisə yerinə Karnataka Dövlət Arxeologiya İdarəsi və rayon administrasiyasının nümayəndələri cəlb olunub.
İlkin olaraq qızılın şəxsi yığım vərdişləri ilə bağlı ola biləcəyi iddia edilsə də, rəsmi qurumlar bu məlumatların yanlış anlaşılma olduğunu açıqlayıblar.
QIZIL KİMƏ QALACAQ?
Hindistan qanunvericiliyinə əsasən, torpaqdan çıxarılan tarixi və qiymətli artefaktlar dövlət mülkiyyəti sayılır. Hazırda tapılan zinət əşyaları dövlət inventarına daxil edilir və hüquqi prosedurlar davam edir.
Hadisə həm bölgədə, həm də ölkə üzrə böyük maraq və müzakirələrə səbəb olub.
Aynil