20-ci əsr modasına ən böyük təsir göstərən dizaynerlərdən biri olan Kristian Dior, 21 yanvar 1905-ci ildə Normandiya, Qranvil şəhərində anadan olub. Onun adı müharibədən sonrakı Fransa kutyurunun dirçəlişi və müasir moda evləri sənayesinin formalaşması ilə sıx bağlıdır. Dior 24 oktyabr 1957-ci ildə İtaliyada Montecatini Terme kurort şəhərində 52 yaşında ürək tutmasından vəfat edib.




Sfera.az bu dəfə Kristian Diorun həyatını, moda evinin təsis edilməsini və sənayeyə təsirini təqdim edir.




Bədii təcrübədən modaya keçid




Gələcək dizayner gənc yaşlarında moda sahəsində karyera qurmağı planlaşdırmamışdı. Paris Siyasi Elmlər İnstitutunda diplomatik xidmətə hazırlaşsa da, 1920-ci illərin sonlarında bədii icmada fəaliyyət göstərmiş, müasir incəsənət qalereyasında işləmişdir. 1930-cu illərdə isə tədricən modaya diqqətini yönəldərək illüstrator və digər dizaynerlərin köməkçisi kimi çalışıb.


 




Christian Dior moda evinin yaranması




Diorun karyerasında həlledici mərhələ İkinci Dünya Müharibəsindən sonra baş verdi. 1946-cı ildə tekstil sahibkarı Marsel Bussakın maliyyə dəstəyi ilə “Christian Dior” moda evi təsis edildi. Atelye və salonlar Parisdə, 30 Avenue Montaigne ünvanında yerləşirdi və bu ünvan brendin simvoluna çevrildi.


 




Yeni Görünüş və ilk kolleksiya




12 fevral 1947-ci ildə Dior ilk yaz-yay kolleksiyasını təqdim etdi. Kolleksiya, “Corolle” və “En 8” xətləri ilə diqqət çəkdi və moda tarixində Yeni Görünüşün yaranması kimi tanındı. Dizaynerin aydın bel, yumşaq çiyinlər və bol parça ilə dolğun ətəkləri müharibədən sonrakı Avropada radikal jest kimi qəbul edildi.




İlk kolleksiyadan məşhur görünüşlərdən biri isə Bar kostyumu oldu; uyğun gödəkçə və dolğun ətəkdən ibarət olan ansambl bu gün muzey eksponatı kimi qorunur. Həmçinin, 1947-ci ildə Dior “Miss Dior” ətirini təqdim edərək, geyim və ətirləri bir estetik konsepsiyada birləşdirməyə başladı.


 




Ailə və müharibə fonu




Bacısı Ketrin Dior, İkinci Dünya Müharibəsi zamanı Fransa Müqavimət Hərəkatının üzvü olmuş və 1944-cü ildə Gestapo tərəfindən həbs edilərək Ravensbrük düşərgəsinə göndərilmişdir. Bu faktlar Diorun bioqrafiyasında mühüm yer tutur.




Diorun şəxsi həyatı nisbətən gizli qalmış, son illərdə sağlamlıq problemləri, xüsusilə ürək xəstəliyi ilə bağlı çətinliklər yaşamışdır. İtaliyada səfərdə olarkən infarkt nəticəsində vəfat etmişdir.


 




Diorun mirası




Nisbətən qısa ömür sürməsinə baxmayaraq, Kristian Dior qadın geyimlərinin siluetini dəyişmiş, moda evləri üçün bu gün də aktuallığını qoruyan model yaratmışdır. Onun mirası dünya modası tarixində əsas istinad nöqtəsi olaraq qalır.


 


Aynil