ABŞ Ticarət Palatası, ABŞ Dövlət Departamenti və Ticarət Nazirliyi ilə birlikdə Azərbaycana ilk dəfə ikitərəfli biznes missiyası təşkil edir. İkigünlük səfər çərçivəsində yüksək səviyyəli nümayəndə heyəti ABŞ şirkətlərinə Azərbaycan dövlət orqanları, dövlət şirkətləri və özəl sektorun aparıcı oyunçuları ilə birbaşa əlaqə qurmaq imkanı yaradacaq. Əsas diqqət energetika və rəqəmsal transformasiya, müdafiə və nəqliyyat, kənd təsərrüfatı və səhiyyə, maliyyə və investisiyalar üzərində cəmləşəcək.


 


Qeyd edək ki, missiya fevralın 9-10-da Bakıda baş tutacaq.


 


Belə təmasların artması nədən xəbər verir? ABŞ investorlarının Azərbaycana sərmayə qoyuluşuna marağının artdığını göstərir?


 


Sfera.az-a bununla bağlı açıqlama verən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, ABŞ-Azərbaycan arasında münasibətlərin dərinləşməsi və strateji tərəfdaşlığın formalaşması müşahidə olunur:


 





“Ümumilikdə, Tramp administrasiyasının Azərbaycan ilə münasibətlərinə xüsusi önəm verməsi qeydə alınır və bu, təqdirəlayiqdir. Çünki Azərbaycan da ABŞ ilə qarşılıqlı faydaya əsaslanan, müstəqil və suveren hüquqlara malik əməkdaşlığın gücləndirilməsində maraqlıdır. Bu kontekstdə missiyanın Bakıda olması iki ölkə arasında əməkdaşlığın daha da dərinləşməsinə, xüsusilə sərmayələr sahəsində əməkdaşlığın genişlənməsinə gətirib çıxaracaq. Bu, xüsusən ABŞ sərmayələrinin cəlb edilməsi baxımından vacibdir”. 


 


V.Bayramovun sözlərinə görə, cənab Prezident də Davos Forumunda qeyd edib ki, Azərbaycan xarici investisiyaların cəlb edilməsində maraqlı ölkədir:




“Bu baxımdan cənab Prezident ABŞ-ni təmsil edən bir sıra şirkət rəhbərləri ilə görüşlər keçirib və müzakirələr aparılıb. Bütün bunlar onu göstərir ki, ölkələr arasında investisiya sahəsində əməkdaşlığın güclənməsini müşahidə edəcəyik. Bu isə, təbii ki, xüsusilə ABŞ-dən daha çox texnologiya və innovasiyanın cəlb olunmasına imkan yaradacaq”.


 


Fidan Hacızadə

Sfera.az