ABŞ-nin vitse-prezidenti Cey Di Vens Amerikanın hərbi qüvvələrinin əhəmiyyətli hissəsinin Yaxın Şərqdə cəmləşdirildiyini bildirib.
Belə olduqda sual yaranır: ABŞ Yaxın Şərqdə hərbi kontingentin sayını hansı səbəblərə görə artırıb? Vaşinqton İranla bağlı hansı mümkün ssenarilərə hazırlaşır?
Suallarımızı cavablandıran siyasi şərhçi Pərviz Mirizadə Sfera.az-a açıqlamasında bildirib ki, İran və Birləşmiş Ştatlar arasında münasibətlər hazırda hər zaman olduğundan daha mürəkkəb və gərgindir.
Onun sözlərinə görə, cənub qonşumuzda baş tutan kütləvi etiraz aksiyaları zamanı diqqətlər əsasən Birləşmiş Ştatların İslama ölkəsinə müdaxilə edib-etməyəcəyinə yönəlmişdi:
“Hətta prezident Tramp bununla bağlı İran xalqına kömək göndərildiyini vurğulamışdı. Lakin mövcud geosiyasi risklər, xüsusilə region ölkələrinin Birləşmiş Ştatlara hərbi əməliyyatlarla bağlı narahatlıqlarını bildirməsi mürəkkəb hərbi-siyasi vəziyyətin mülayimləşməsinə səbəb oldu. Bununla belə, İran və ətrafındakı situasiya məhz “fırtına qabağı sakitlik”i xatırladır, yəni sakitlik nisbi xarakter daşıyır”.
Siyasi şərhçi qeyd edib ki, Birləşmiş Ştatlar və İranın hər iki tərəfi ciddi hərbi hazırlıq içindədir, bu isə regionda hərbi əməliyyatların növbəti dalğasının başlama ehtimalını artırır:
“Birləşmiş Ştatların Yaxın Şərqdə qüvvələrinin sayını artırması, hərbi dəniz qüvvələrinə məxsus avia daşıyıcı və onun güc qrupunun Şərqi Çin dənizindən Fars körfəzi istiqamətinə yönləndirilməsi, eyni zamanda Çinin çoxsaylı hərbi yük təyyarələrinin İrana hərbi təyinatlı məhsullar daşıması hər iki tərəfin ciddi hazırlıq prosesində olduğunu göstərir. İranın Çinlə gərəyindən artıq yaxınlaşması və ənənəvi nüvə, ballistik raket proqramlarını dayandırmaması isə Vaşinqtonu sərt tədbirlər görməyə vadar edir. Bütün bunlar hərbi əməliyyatların növbəti dalğasının başlama ehtimalını artırır”.
Niyaz Hacıyev
Sfera.az
Niyaz