ABŞ-nin mümkün hücumlarına qarşı İranın Çin və Rusiyadan dəstək aldığı ehtimal edilir. Məlumatlara görə, Rusiyadan ağır yük daşıyan hərbi təyyarələr vasitəsilə İran aerodromlarına silah və hərbi avadanlıqlar göndərilir. Digər tərəfdən, Çin İrana ballistik raketləri üçün bərk yanacaq təmin edir ki, bu da raketlərin daha uzunmüddətli, dayanıqlı və dağıdıcı olmasına imkan verir.
Bəs İranın təzyiqlərə tab gətirməsi üçün Çinin və Rusiyanın yardımları kifayət edəcəkmi?
Sfera.az-a bu haqda açıqlama verən politoloq Natiq Miri bildirib ki, Rusiya və Çinin İrana hərbi yardımları onların maraqlarından irəli gəlir. O qeyd edib ki, bu yardımlar Rusiyanın və Çinin geosiyasi maraqlarına xidmət edir.
"Çünki ABŞ-nin uzunmüddətli şəkildə İranla mübarizə aparması Rusiyanın və Çinin əsas rəqibinin zəifləməsinə və diqqətinin Rusiya və Çindən uzaqlaşmasına gətirib çıxarır”, - deyən politoloq vurğulayıb ki, bu yardımlar sayəsində İranın gücünün artması ehtimal olunan hücumun səviyyəsindən, həcminin nə qədər olacağından və davamlılığından asılı olacaq:
“Düşünürəm ki, bu əməliyyatlar keçirilərsə və bu əməliyyatlara hazırlıq tam olarsa, konkret hədəflər rejimin devrilməsinə yönələrsə, bu halda Rusiyanın və Çinin yardımları o qədər də əhəmiyyət daşımayacaq. Ancaq hər bir halda, İranın qarşı tərəf üçün daha dağıdıcı olması baxımından Rusiya və Çinin yardımları müəyyən mənada prosesdə rol oynayır. Lakin qısa müddət ərzində bu yardımların İranı tam şəkildə hücumlara dayanıqlı etməsi mümkün deyil. Bununla belə, ballistik və hipersonik raketlərin istehsal sürəti, eyni zamanda bərk yanacaqla təminatı İranın endirdiyi zərbələrin davamlılığını və miqyasını gücləndirəcək. Ona görə də hər bir konkret nəticə ABŞ-nin qərarından asılı olacaq".
N.Miri söyləyib ki, masada olan variantlardan hansına üstünlük veriləcəyi, eləcə də hərbi əməliyyatlar başlamazdan əvvəl qəbul ediləcək qərarlar İranın hazırlıq səviyyəsinə uyğun olacaq:
"Çünki bu hücumların müxtəlif hədəfləri ola bilər və bunun üçün yetərli güc, sürət, davamlı imkanlar və ciddi kəşfiyyat məlumatları lazımdır ki, qısa müddətdə nöqtə əməliyyatları ilə ciddi nəticələr əldə olunsun. Bu baxımdan düşünürəm ki, əməliyyata hazırlıq məsələsi xüsusi əhəmiyyət daşıyacaq və bu kontekstdə verilən qərarlar olduqca önəmlidir. Əgər bu addımlar yalnız gözdən pərdə asmaq və ya İran xalqına verilən vədi yerinə yetirmiş kimi görünmək xarakteri daşıyacaqsa, konkret və ciddi nəticələrdən danışmaq mümkün olmayacaq”.
Bəsti Rəfizadə
Sfera.az