Ermənistanda yaxınlaşan parlament seçkiləri və ölkənin siyasi mənzərəsində baş verən dəyişikliklər fonunda vəziyyətin tədricən gərginləşəcəyi bildirilir.


 


Erməni politoloqlar hesab edirlər ki, hakimiyyətin siyasi rəqiblərlə mübarizəni gücləndirməsi daxili siyasi qarşıdurmaları daha da dərinləşdirə bilər.


 


Bəs görəsən, erməni politoloqların bu qənaətə gəlməsinə səbəblər nələrdir? Bildirilir ki, seçkiqabağı dövrdə yeni siyasi qüvvə və partiyaların meydana çıxması mümkündür. Bu fonda hakimiyyətə rəqib partiya formalaşa bilərmi?


 


Politoloq Oqtay Qasımov Sfera.az-a açıqlamasında bildirib ki, adətən bütün ölkələrdə seçkiqabağı vəziyyət müəyyən qədər gərginləşir:


 



 


“Çünki seçki dövründə cəmiyyətdə aktivlik artır və siyasi qüvvələr hakimiyyət uğrunda mübarizə aparmaq üçün bütün imkanlarından istifadə etməyə çalışırlar. Bu baxımdan Ermənistan da istisna deyil. Son 6 ildə ölkədə hakimiyyət və müxalifət arasında münasibətlər gərgin xətt üzrə inkişaf edib. Xüsusilə 44 günlük müharibədən sonra revanşist qüvvələr və köhnə hakimiyyətin nümayəndələri Paşinyan hakimiyyətinə qarşı sərt mövqe sərgiləyərək onun hakimiyyətini devirməyə çalışıblar. İlk cəhd 2021-ci ildə baş verməsinə baxmayaraq, Paşinyan həmin parlament seçkilərində rəqibləri üzərində parlaq qələbə qazanaraq üçdə iki yerlik üstünlüyünü təmin etdi. Son 5 il ərzində vəziyyət xeyli dəyişib. Paşinyanın reytinqi müəyyən qədər düşsə də, müxalifətin reytinqi artmayıb, əksinə, daha çox azalıb ki, bu da Ermənistan cəmiyyətində siyasi qüvvələrə inamın zəifləməsi kimi dəyərləndirilə bilər. Hazırda seçkiqabağı proses artıq yarım il öncədən başlamış və davam etməkdədir. Paşinyanın komandasında fikir ayrılığı yoxdur, müxalifət isə hələlik öz potensialını birləşdirməyə çətinlik çəkir".


 


Politoloqun sözlərinə görə, bununla yanaşı, Paşinyan həm siyasi rəqiblərlə, həm də kilsə və Rusiyaya bağlı oliqarxlarla gərgin münasibətə malikdir:


 


“Samvel Karapetyanın həbsindən sonra onun yaratdığı yeni siyasi hərəkat meydana çıxıb, həmçinin keçmiş ombudsman Arman Tatoyanın da yeni siyasi qüvvəsi formalaşıb. Bu qüvvələrin seçkilərdə iştirakı və uğuru hələ ki, sual altındadır, amma Karapetyanın maliyyə imkanları onları güclü rəqib edə bilər. Paşinyan isə son dövrlərdə irəli sürdüyü sülh təşəbbüsləri, Azərbaycanla münasibətlərin normallaşması, yanacaq sektorunda qiymətlərin ucuzlaşması və ABŞ ilə regionda əməkdaşlıq imkanları sayəsində seçkilərdə üstün mövqeyini qoruyur və qələbə şansını artırır”.


 


 


Niyaz Hacıyev


Sfera.az