Ürək tutması, infarkt müasir dövrün ən yayılmış xəstəliklərindəndir. Məlumdur ki, bu xəstəlik daha çox kişilər arasında geniş yayılıb. Lakin yeni araşdırmalara əsasən, qadınlarda da bu təhlükəli xəstəlik çox vaxt səssiz və gizli şəkildə baş verir.




Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Ürək və Damar Cərrahı Dr.Yusuf Kalko bildirib ki, qadın bədəni ürəkdən gələn ağrını kişilərdən fərqli qəbul edir və çox zaman bunu “həyatın normal hissəsi” kimi görür. Bu isə təhlükəni artırır.




Kişilərdə ürək tutması adətən açıq və dramatik əlamətlərlə üzə çıxır: döş ağrısı, tərləmə, nəfəs darlığı və halsızlıq. Qadınlarda isə simptomlar daha qeyri-spesifikdir: kürək, çiyin, boyun və çənə ağrısı, dərin halsızlıq, tərləmə və daxili narahatlıq daha çox ön plana çıxır. Dr. Kalko vurğulayıb ki, qadınların menstrual ağrı və doğum təcrübəsi ürək ağrısını daha dözümlü qəbul etməyə səbəb olur və nəticədə ürək tutması “səssiz” keçir.




Xüsusilə menopoz sonrası qadınlarda estrogen hormonunun azalması ürək-damar xəstəlikləri riskini artırır. Estrogen damarları qoruyur, elastik saxlayır və laxtalanma meylini azaldır. Bu hormonun azalması isə qadınları ürək tutması baxımından kişilərlə eyni, hətta daha yüksək risk qrupuna daxil edir.




Mütəxəssis həm qadınlar üçün, həm də kişilər üçün bir sıra tövsiyələr verib. Məsələn, işlənmiş qidalar, paketli məhsullardan, qızartmalardan və rafinə şəkərdən uzaq durun, zeytun yağı, tərəvəz, çərəz, balıq, qatıq, kefir, sarımsaq və göyərtiyə üstünlük verin. Hər gün sürətli, amma rahat gəzinti edin, nəzarətsiz idman qadağandır. Gecə 6-7 saat keyfiyyətli yuxu yatın. Həkimin təyinatı olmadan dərmanları buraxmayın, alkoqolu ya tamamilə tərgidin, ya da məhdud qəbul edin. Stress və panik ürəyə mənfi təsir göstərir, ona görə ruh sağlamlığınızı da bərpa etmək vacibdir.




Dr. Kalko xəbərdarlıq edib ki, gec aşkarlanan hər ürək tutması daha çox ürək əzələsi itkisi və ölüm riski deməkdir. Qadınlar, xüsusilə menopoz sonrası, səssiz “düşməni” tanımalı və riskləri yüngülləşdirmək üçün həyat tərzini yenidən tənzimləməlidir.




Bəsti Rəfizadə

Sfera.az