Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) ötən il 32 su istehsalı müəssisəsində apardığı yoxlamalar zamanı 24 müəssisədə texniki normativ hüquqi aktların tələblərinin pozulmasının aşkarlanması istehlakçılar arasında haqlı suallar doğurub.


 


Ev üçün aldığımız qablaşdırılmış sular nə dərəcədə etibarlıdır?


 


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən qida eksperti Fərid Səfərov bildirib ki, bu tip məlumatlar istehlakçılarda narahatlıq yaratmaqla yanaşı, məsələyə diqqətli və şüurlu yanaşmanın vacibliyini ortaya qoyur. Onun sözlərinə görə, qablaşdırılmış suların hamısını avtomatik olaraq təhlükəsiz hesab etmək düzgün deyil:


 



 


“AQTA-nın açıqladığı rəqəmlər göstərir ki, yoxlanılan müəssisələrin böyük hissəsində normativ pozuntular mövcuddur. Bu pozuntular əsasən suyun mənbə seçimi, filtrasiya, dezinfeksiya, qablaşdırma və saxlanma mərhələlərində yol verilən çatışmazlıqlarla bağlı olur və suyun mikrobioloji təhlükəsizliyinə təsir göstərə bilər”.


 


Fərid Səfərov istehlakçılara bir neçə vacib məqama diqqət etməyi tövsiyə edib:


 


“İlk növbədə məhsulun etiket məlumatları - istehsalçının adı və ünvanı, AQTA qeydiyyat nömrəsi, istehsal və son istifadə tarixi, həmçinin suyun növü aydın və oxunaqlı olmalıdır. Bu məlumatların natamam olduğu məhsullardan uzaq durmaq daha məqsədəuyğundur. Həmçinin, qablaşdırmanın vəziyyəti də mühüm rol oynayır. Qapağı boş olan, deformasiya əlamətləri müşahidə edilən, bulanıq və ya çöküntülü sular risk daşıyır. Günəş altında saxlanmış və rəngi dəyişmiş plastik butulkalar xüsusilə təhlükəlidir. Ev şəraitində də sular sərin, quru və günəş şüalarından uzaq mühitdə saxlanmalıdır. Plastik qablaşdırmada olan suların isti şəraitdə saxlanması kimyəvi riskləri artıra bilər. Su şəffaf, rəngsiz və qoxusuz olmalı, dadında və ya qoxusunda dəyişiklik hiss edilərsə, istifadə edilməməlidir”.


 


Ekspert vurğulayıb ki, uzun müddətdir bazarda fəaliyyət göstərən, rəsmi məlumatları açıq olan və mütəmadi yoxlamalardan keçən istehsalçılara üstünlük verilməlidir. “Ucuzdur” prinsipi ilə su seçmək sağlamlıq baxımından ciddi risklər yarada bilər. Fərid Səfərovun sözlərinə görə, qablaşdırılmış suyun “avtomatik olaraq təhlükəsiz” olması ilə bağlı yanaşma yanlışdır. Dövlət nəzarəti vacibdir, lakin istehlakçının diqqətli seçimi də ən azı o qədər önəmlidir. Şüurlu seçim həm sağlamlığın qorunmasına, həm də keyfiyyətli istehsalçıların bazarda qalmasına xidmət edir.


 


Firuzə Əliyeva


Sfera.az