Qan donorluğu müasir səhiyyə sisteminin ən vacib dayaqlarından biridir. Cərrahi əməliyyatlar, ağır qəzalar, xroniki xəstəliklər və fövqəladə hallar zamanı minlərlə insanın həyatı donor qanından asılı olur. Cəmiyyətdə isə tez-tez “kimlər qan donoru ola bilər, kimlər ola bilməz?” sualı ətrafında müxtəlif fikirlər səsləndirilir. 




Bəs kimlər qan donorluğu edə bilməz? 




Sfera.az-ın müvafiq sorğusuna Səhiyyə Nazirliyi Respublika Qan Bankından verilən açıqlamada bildirilib ki, qan donorluğu zamanı donorun və resipiyentin təhlükəsizliyini təmin etmək məqsədilə müəyyən hallarda şəxslərin qan verməsinə icazə verilmir:




“Qanla keçən yoluxucu xəstəliklərə (HİV, hepatit B, hepatit C, sifilis və s.) yoluxmuş şəxslər;

Kəskin və ya xroniki yoluxucu xəstəlikləri olanlar;

Qan azlığı (anemiya) və ya digər qan xəstəlikləri olan şəxslər;

Ürək-damar, onkoloji, autoimmun və ağır endokrin xəstəliklərdən əziyyət çəkənlər;

Son vaxtlar cərrahi əməliyyat keçirmiş, invaziv tibbi prosedurlara məruz qalmış şəxslər;

Müəyyən dərman preparatlarını qəbul edənlər;

Həkim müayinəsi zamanı sağlamlıq vəziyyəti qan donorluğuna uyğun hesab edilməyən şəxslər. 

Qan donorluğunda məhdudiyyətlər yalnız tibbi göstəricilər və yoluxma riski ilə bağlıdır”.




Qeyd edək ki, qan donoru olmaq üçün şəxsin 18-65 yaş aralığında olması, minimum 50 kiloqram çəkiyə malik olması və ümumi sağlamlıq vəziyyətinin normal olması tələb olunur. Eyni zamanda hemoqlobin səviyyəsi, arterial təzyiq və digər əsas göstəricilər normada olmalıdır. Qanla ötürülən yoluxucu xəstəliklərin olmaması da əsas şərtlər sırasındadır.

 


Fidan Hacızadə

Sfera.az