ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib ki, Vaşinqton İranı yaxından izləyir və hərbi gəmilər daxil olmaqla, bölgəyə əhəmiyyətli qüvvələr göndərib.
“Bu istiqamətdə çoxlu sayda gəmi hərəkət edir, böyük bir donanma irəliləyir. Görək nə baş verəcək. İrana doğru əhəmiyyətli qüvvələr göndərilir”, – Tramp deyib.
Tramp iddia edib ki, məhz onun Tehrana zərbə endirmək barədə xəbərdarlığından sonra İran rejimi geri çəkilərək etirazçıların planlaşdırılan edam hökmünü ləğv etmək məcburiyyətində qalıb.
Gəmilərin göndərilməsi, qüvvələrin İrana yaxın ərazilərdə cəmləşdirilməsi nəyin əlamətidir? Müdaxiləyə hazırlıq gedirmi?
Bu haqda politoloq Əli Mustafa Sfera.az-a açıqlama verib. Ekspert hal-hazırda Amerika və İran arasında nisbi sakitliyin hökm sürdüyünü, amma həqiqətən də hər iki tərəfin ciddi şəkildə bir müharibəyə hazırlaşdığını bildirib:
“Yalnız Amerika deyil, İran da çox ciddi hazırlıq görür. Rusiyadan və Çindən əlavə silahların gətirilməsinə dair məlumatlar var. Eyni zamanda İran öz daxilində də müəyyən yer dəyişmələri edir, bəzi silahları müəyyən ərazilərə çıxarır və bu istiqamətdə addımlar atır. Deməli, İran zərbəni gözləyir. Amerikanın ona hücum edəcəyini ehtimal edir və ona qarşı da hazırlıqları var. Bu günlərdə 10.000 km-lik bir balistik raketi sınaqdan keçiriblər. Bu, Amerikaya bir xəbərdarlıqdır. İran deyir ki, üstümə gəlməyin, mənim də uzaq məsafədən vura biləcək raketlərim var. Bununla Amerikanın özünə də zərbə endirə biləcəyini çatdırır”.
Politoloq Amerikanın hal-hazırkı fəaliyyətinin sanki İranı o qədər də narahat etmədiyini, səs-küy yaratmadan ciddi hazırlıq həyata keçdiyini vurğulayıb:
“Təyyərə daşıyan gəmilərin, digər hərbi texnikaların və sursatların İrana yaxın ərazilərə gətirilməsi təsadüfi deyil. Mən düşünürəm ki, bu yalnız proflaktik tədbirdir. Yəqin ki, indiki İran rejimi artıq Amerikanın hədəfindədir. Həm İsrailin, həm də digər Avropa ölkələrinin bu rejimi yola salmaq fikirləri və iddiaları var. Burada əsas rolu oynayan Amerika olsa da, hələlik digər NATO üzvü dövlətlər açıq şəkildə iştirak etmir. Lakin mümkündür ki, görünməyən şəkildə NATO üzvü dövlətlər və ya İsrail hücumda iştirak edə bilsin. Bütün hallarda bölgənin ciddi bir müharibəyə şahidlik etməsi ehtimalı çox yüksəkdir. Mən düşünürəm ki, yaxın zamanlarda nə baş verəcəyini görəcəyik, amma hazırlıqlar o səviyyədə aparılır ki, yalnız müharibə baş verəcəyi təqdirdə bu qədər genişmiqyaslı hazırlıq həyata keçirilir”.
Bəsti Rəfizadə
Sfera.az