Ötən il İpoteka və Kredit Zəmanət Fondu vəsaiti hesabına müvəkkil banklar tərəfindən 442,8 milyon manat həcmində 4309 ipoteka krediti verilib. Onlardan 347,2 milyon manat məbləğində 3153-i adi ipoteka krediti, 95,6 milyon manat məbləğində isə 1156 güzəştli ipoteka krediti ayrılıb.
Sfera.az xəbər verir ki, bu haqda İpoteka və Kredit Zəmanət Fondundan bildirilib.
Fonddan verilən məlumata əsasən, ümumilikdə, 2006-2025-ci illərdə Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərinin məbləği 3,76 milyard manatı keçib və bu, 56 min 800-dən çox ailənin mənzil şəraitinin yaxşılaşmasına imkan yaradıb.
Şəxsi yığımları yetərli olmayan əhalinin daha aşağı ilkin ödənişlə ipoteka kreditlərindən faydalanmasını təmin etmək məqsədilə 1 yanvar 2026-cı il tarixinə Fond tərəfindən 139,9 milyon manat məbləğində 1490 ipoteka krediti üzrə zəmanət verilib.
Qeyd olunub ki, Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərindən faydalananların 67 faizi gənclər və gənc ailələrdən ibarət olub, kreditlərin təxminən 22 faizi isə regionlarda yaşayan vətəndaşlara təqdim edilib.
Bəsti Rəfizadə
Sfera.az