Milli Məclisin Aqrar siyasət komitəsinin son iclasında deputat Eldar İbrahimov şəhər və kənd yerlərində yaşayan vətəndaşlar üçün kommunal xidmət haqlarının fərqli tətbiq olunmasını təklif edib.
"Camaat kənddən şəhərə niyə gəlir? Çünki kənddə yaşayan adamla şəhərdə yaşayan adamın işığa, qaza, suya görə ödədiyi pul eynidir. Halbuki, kənddə az olmalıdır, çünki orada yaşayanlar şəhər sakinlərindən fərqli olaraq zavodda işləyib maaş almırlar", - deyə o qeyd edib.
Bəs kommunal xidmətlər üzrə əyalətlərdə Bakıdan fərqli qiymətlər tətbiq edilməsi səmərəli ola bilərmi?
Sfera.az-a mözvu ilə bağlı açıqlama verən iqtisadçı Xalid Kərimli söyləyib ki, bu cür diferensial kommunal tariflərin tətbiqi heç bir effekt verməyəcək və insanların miqrasiyasına təsir göstərməyəcək:
“Əksinə, bu addım səmərəsizliyi artıracaq və daha az səmərəli bir mühit yaradacaq. Digər tərəfdən, su istifadəsinin artmasına səbəb olacaq. Belə diferensial yanaşmaların tətbiq edildiyi yerlərdə iqtisadiyyat inkişaf edirmi? Xeyir. Məsələn, kommunal ödənişin yeddi qəpik yox, altı tam onda beş qəpik olması gənci kənddə saxlamır. Gənclərin miqrasiyasının əsas səbəbi onların yaşadıqları ərazidə iş tapa bilməməsidir. Yəni problem gəlir əldə etmək imkanlarının məhdudluğudur. Bu baxımdan deputatın təklifi populist xarakter daşıyır, real əsaslara söykənmir və miqrasiyanın səbəblərinə cavab vermir. Əksinə, bu cür yanaşma səmərəsizlik yaradır”.
İqtisadçı dövlətin diferensial tarifləri istifadə həcminə görə müəyyənləşdirdiyini əlavə edib:
“Az istifadə edən aşağı tariflə, çox istifadə edən isə yuxarı tariflə ödəniş edir. Yəni burada artıq istehlaka əsaslanan diferensial siyasət mövcuddur. Hesab etmirəm ki, kommunal qiymətlər miqrasiyanın əsas səbəbidir. Bu yanaşma absurddur. Çünki miqrasiya edənlərin bir hissəsi təkcə Bakıya yox, ümumiyyətlə ölkədən kənara, məsələn, Moskvaya gedir. Bu məntiqlə yanaşsaq, onda Bakıda da kommunal haqlar aşağı salınmalıdır. Miqrasiyanın əsas səbəbləri başqadır. Birincisi, gənclərin şəhərdə yaşamaq istəyi. İkincisi, regionlarda yaxşı və gəlirli iş yerlərinin olmamasıdır. Bunlar iqtisadi səbəblərdir. Üçüncüsü isə şəhər infrastrukturu, sosial həyat və əyləncə imkanları gənclər üçün daha cəlbedicidir. Xüsusilə informasiya mühitində olan gənclər həm yaxşı pul qazanmaq, həm də daha keyfiyyətli həyat sürmək istəyirlər. Məsələ qazın və ya işığın bir qəpik ucuz olmasında deyil”.
Fidan Hacızadə
Sfera.az