Son günlər süni intellektdən (Sİ) istifadə etməklə insanların dezinformasiya xarakterli xəbərlərə inanmasına və manipulyasiya olunmasına cəhdlər artıb.


 


Xüsusilə Rusiyanın Kamçatka bölgəsində yağan qarla bağlı süni intellektlə hazırlanmış videoların sosial şəbəkələrdə trendə çevrilməsi bu mövzunu yenidən gündəmə gətirib.


 


Bəs görəsən, sosial şəbəkə istifadəçiləri real görüntülərlə süni intellekt məhsulu olan videoları necə ayırd edə bilər? Gələcəkdə süni intellekt əsaslı dezinformasiyanın artacağı gözlənilirmi və bunun qarşısını almaq üçün hansı mexanizmlər vacibdir?


 


İstifadəçilər nələrə diqqət etməlidir? Süni intellekt mütəxəssisi Ümid Salay Sfera.az-a açıqlamasında bildirib ki, bu cür süni intellektlə hazırlanmış dezinformasiya videoları ilk dəfə deyil ki, gündəmə gəlir.


 



 


Onun sözlərinə görə, ABŞ-də baş verən böyük meşə yanğınları zamanı real hadisə kimi təqdim olunan çoxsaylı AI videoları sosial şəbəkələrdə geniş yayılar və ciddi çaşqınlıq yaratmışdı:


 


“Kamçatka nümunəsi də eyni mexanizmin davamıdır, məqsəd istifadəçinin emosiyasına təsir etmək və onu yoxlamadan paylaşmağa sövq etməkdir. Real görüntü ilə AI məhsulunu ayırd etmək getdikcə çətinləşsə də, bəzi praktik məqamlar diqqət edilməlidir: video dinamikası, arxa plan detalları, perspektiv və müddət, səs uyğunluğu, eləcə də mənbəyə diqqət. Sİ videolarında hərəkətlər çox vaxt “hamar” və ya qeyri-təbii olur, arxa fonda məntiqsiz dəyişikliklər baş verir, kadr dəyişimi və montaj diqqəti yayındırır. Mənbə rəsmi deyil və təsdiqlənməyibsə, ehtiyatlı olmaq vacibdir”.


 


Müsahibimiz qeyd edib ki, gələcəkdə Sİ dezinformasiyasının artacağı demək olar ki, qaçılmazdır:


 


“Çünki texnologiya əlçatan olduqca həm mütəxəssislər, həm də adi istifadəçilər real görünən saxta kontent yarada biləcəklər. Qarşısını almaq üçün əsas mexanizmlər insan faktoru, Sİ savadlılığı, mənbə əsaslı düşüncə və paylaşmadan əvvəl yoxlama refleksi olmalıdır. Hazırda süni intellekt məhsullarını yüz faiz tanıyan universal sistem yoxdur. Ona görə yük jurnalistlərin, redaktorların və istifadəçilərin üzərindədir. Sİ ilə mübarizənin yolu onu tanımaq və düzgün oxumağı öyrənməkdir. Texnologiyanın özü yox, insan şüuru, tənqidi düşüncə və informasiya mədəniyyəti əsas müdafiə xəttidir”.


 


Niyaz Hacıyev


Sfera.az