Avropa ölkələrinin əksəriyyətinin Donald Trampın irəli sürdüyü “Sülh Sazişi”nə qoşulmaması beynəlxalq siyasi gündəmdə ciddi müzakirələrə səbəb olub. Bir çox ekspert bu qərarı Avropanın ABŞ ilə münasibətlərində artan fikir ayrılıqlarının və təhlükəsizliklə bağlı dərin narahatlıqların göstəricisi kimi qiymətləndirib. 


 


Bəs Avropa ölkələri bu sazişə niyə ehtiyatla yanaşır və bu mövqenin arxasında hansı səbəblər dayanır?


 


Məsələ ilə bağlı politoloq Kazım Kazımov Sfera.az-a açıqlama verib. Onun fikirlərinə əsasən, son dövrlərdə, xüsusilə Tramp dövründə Avropa və ABŞ arasında münasibətlər soyuqlaşıb:


 



 


“Bunun isə təməl səbəbi ondan ibarətdir ki, Tramp artıq dünyada yeni nizamın formalaşmasının lazım olduğunu düşünür. O, 1945-ci ildən formalaşmış ABŞ-Avropa klassik müttəfiqlik paktının artıq işə yaramadığını və bu paktın bütün yükünün Amerikanın üzərinə düşdüyünü fikirləşir. Onun üçün də daha çevik və sadəcə iki tərəfin deyil, daha çox ölkələrin və qütblərin bir araya gəlməsinin gərəkdiyini düşünür. Elə buna görə də “sülh sazişi” adlı bir təşəbbüs irəli sürülür. Lakin Avropa, xüsusilə Ukrayna məsələsində, vergilərlə bağlı tədqiqat məsələsində və NATO-nun büdcəsinin artırılması məsələsində ABŞ ilə razılaşmayıb. Buna görə də Avropa bu gün Amerikaya qarşı belə bir soyuq addım atdı və sülh sazişinə qoşulmadığını elan etdi. Əlbəttə, bu, ciddi bir addımdır. Çünki Avropa bu gün hələ də dünyada müəyyən mövqeyi olan bir məkandır və orada Almaniya, Fransa və digər güclü ölkələrin mövcud olduğunu bilirik”.




Ekspert Avropanın bu məsələdə sona qədər davamiyyət göstərməyəcəyini bildirib:




“Ola bilər ki, Avropa İttifaqı ölkələri xüsusilə ilkin mərhələdə bir yerdə hərəkət etsinlər. Lakin hər nə qədər Avropa İttifaqından çıxsalar da, köhnə qitədə kifayət qədər nüfuzu yüksək olan ingilislərin bu pakta qoşulacağını gözləyirəm. İtaliyanın digər müttəfiqlərlə fikir ayrılığında olacağını düşünürəm. Şərqi Avropa ölkələri ilə ABŞ-nin daha çox yaxınlaşacağını hesab edirəm. Və belə olan təqdirdə Fransa və Almaniyanın bir az Avropa daxilində belə təcrid ediləcəyini, hətta təcrid olunma təhlükəsi artarsa, sazişə qoşula biləcəklərini düşünürəm”.




Bəsti Rəfizadə

Sfera.az